Sahibə Qafarova Almaniya Bundestaqının sədri ilə görüşdü - Fotolar
Milli Məclisin sədri Sahibə Qafarova Almaniya Federativ Respublikası Bundestaqının sədri Barbel Bas ilə görüşüb.
Demedia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Bundestaqın spikeri hazırda ölkəsinin enerji təchizatında yaranmış problemlərlə bağlı fikirlərini bölüşüb. O, bu çərçivədə Almaniyanın bərpa olunan enerjiyə göstərdiyi diqqət, bu sahədə çalışan şirkətlər, Bundestaqın bu mövzu ilə məşğul olan parlamentariləri haqqında danışıb. Barbel Bas Azərbaycanın da bərpa olunan enerji sahəsində müvafiq qurumları ilə əlaqələrin yaradılması barədə fikirlərini bölüşüb.
Görüşdə spiker Sahibə Qafarova Azərbaycanda əlverişli investisiya mühiti, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri, Azərbaycanın müasir nəqliyyat infrastrukturu və tranzit ölkə kimi mühüm rolu, bərpaolunan enerji üzrə icra olunan layihələr haqqında məlumat verib. Qeyd olunub ki, Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.
Bildirilib ki, ölkəmizdə alman mühacirlərin tarixi irsi dövlət səviyyəsində qorunur. 2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi dövlət başçısının sərəncamı ilə həm Azərbaycanda, həm də Almaniyada müxtəlif tədbirlər çərçivəsində qeyd olunub.
Bundestaqın sədri Almaniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, regionda sülhün təmin olunmasının, sülh müqaviləsinin imzalanması üzrə danışıqların davam etdirilməsinin önəmini qeyd edib.
Görüşün sonunda spiker Sahibə Qafarova Almaniya Bundestaqının sədrinə "Qarabağ işğaldan əvvəl və sonra" adlı kitabı təqdim edərək, Ermənistanın 30 illik işğal zamanı şəhər və rayonlarımızda törətdiyi dağıntılar, vəhşiliklər barədə məlumat verib.
Sonra Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Almaniya Bundestaqının binası ilə tanış olublar.