Ölkəmizə gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı



 11:46 19.06.2021     335

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri zamanı Türkiyədə fəaliyyət göstərən “Briterra Gida İç Ve Dış Ticaret Anonim Şirketi” tərəfindən istehsal olunan və “Ladess Group” MMC tərəfindən ölkəmizə idxal edilən hind quşu dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirib.

AQTA-dan Nexeber.az-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasında patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1.2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.