Prezidentin SOCAR-la bağlı qərarı: səbəb nədir? - Video



 14:27 25.01.2021     196

SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurasının yaradılması şirkətin gələcək fəaliyyətində çevikliyin, operativliyin, səmərəli idarəetmənin təmin edilməsi baxımından vacibdir.

Bu sözləri Nexeber.az-a millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov Prezident İlham Əliyevin imzaladığı fərmanla SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurasının yaradılması haqda danışarkən deyib.

İqtisadçı bildirib ki, Prezident iri dövlət müəssisələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı xüsusi tapşırıqlar verib:

“Həmin tapşırıqlara uyğun olaraq, artıq həm iri şirkətlərdə Müşahidə Şurasının yenilənməsi, həm də səmərəliliyin, şəffaflığın, o cümlədən çevik idarəolunmanın formalaşması ilə bağlı yeni şuraların yaradılması həyata keçirilir. SOCAR-da Müşahidə Şurasının təsis edilməsi Dövlət Neft Şirkətinin fəaliyyətinin genişləndirilməsi və korporativ idarəetmənin formalaşdırılması baxımdan vacib hesab edilir.

Yeni Müşahidə Şurasının təsdiqlənməsindən sonra Dövlət Neft Şirkətinin fəaliyyətində səmərəliliklə yanaşı, idarəetmədə yeni forma və mexanizmlərin tətbiqi də müşahidə oluna bilər.

Bundan əlavə, Müşahidə Şurasının formalaşması Dövlət Neft Şirkətində xüsusi bir menencmentin yaranmasına imkan verəcək. Bu, Dövlət Neft Fonduna yeni investisiyanın cəlb edilməsi, eləcə də sərmayəli qoyuluşların artırılmasına zəmin yaradacaq”.

Qeyd edək ki, Prezidentin fərmanına əsasən, SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb. Mikayıl Cabbarov Müşahidə Şurasının sədri təyin edilib.