Azərbaycanda magistral yolda TƏHLÜKƏLİ VƏZİYYƏT: Sürüşmə davam edir
İntensiv yağıntılar nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 75,2-ci kilometrlik hissəsində (sağ tərəf) sürüşmə baş verib.
Demedia.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, nəticədə yolun sağ çiyin hissəsi 150 metr uzunluğunda və torpaq yamacı 40 metr enində olmaqla sıradan çıxıb. Bundan başqa, yolun sol hərəkət istiqamətində torpaq yatağı yamacının hərəkət hissəsinə doğru sürüşdüyü müəyyən edilib. Sürüşən hissənin uzunluğu 240, eni yamac boyunca 50 metr təşkil edir. Yolun hərəkət hissəsinin hər iki istiqamətində çatlar və çökmələr əmələ gəldiyi və hazırda sürüşmə prosesinin inkişaf fazasında olduğu da qeydə alınıb.
Hazırda sürüşmə nəticəsində yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Sözügedən hissədə baş verən sürüşmənin və müəyyən edilən sürüşmə nöqtələrinin yarada biləcəyi fəsadların qarşısının alınması və avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə ərazidə Agentlik bərpa işləri aparılır, qabaqlayıcı tədbirlər görür.