BTQ ilə Rusiyaya ilk ixrac yola salındı



 13:14 29.01.2021     166

Azərbaycan, Türkiyə və Rusiya arasında dəmir yolu sahəsində üçtərəfli əməkdaşlıq formatında daha bir layihəyə start verilib. Bu dəfə Türkiyədən Rusiyaya ixrac yüklərindən ibarət konteyner qatarı yola salınıb.

Azərbaycan Dəmir Yolları QSC-nin törəmə şirkəti olan ADY Container MMC-dən Nexeber.az-a verilən məlumata görə, 15 konteynerdən ibarət qatar Türkiyənin Ankara şəhərindən Rusiyanın Vorsino stansiyasına istiqamət götürüb. Qatarın ümumilikdə 4 min 650 kilometrlik yolu 8 günə qət edəcəyi gözlənilir.

40 futluq konteynerlərdən ibarət olan qatarın yükü, əsasən, Türkiyə istehsalı olan məişət əşyalarıdır. Yükün ümumi çəkisi isə 150 tondur.

Qatar Bakı-Tiflis-Qars dəmir yolu və "Şimal-Cənub" Nəqliyyat Dəhlizi vasitəsilə, Türkiyə, Gürcüstan, Azərbaycan ərazisindən keçərək Rusiya ərazisinə daxil olacaq.

Daşımanın operatorları Pasifik Eurasia Logistics (Türkiyə), GR Logistics (Gürcüstan), ADY Konteyner (Azərbaycan) və Rusiyanın JSC “Russian Railways Logistics” şirkətləridir.

Qeyd edək ki, ötən ilin sonunda Türkiyədən Çinin Sian şəhərinə 2 ixrac qatarı çatdırılıb.