Qaz sayğacları istehlakdan çox sərfiyyat göstərir? - Açıqlama



 20:07 30.01.2021     163

"Azəriqaz" İstehsalat Birliyi qaz sayğaclarının əvəzlənməsindən sonra bir qisim mexaniki-elektron sayğac istifadəçisinin sərfiyyatın çox qeydə alınması barədə müraciətləri araşdırıb.

Nexeber.az xəbər verir ki, qurumdan bildirilib ki, müxtəlif internet resurslarında paylaşılan bu kimi iddialar təsdiqini tapmayıb.

"104 Operativ Xidmət" şöbəsinin rəisi Xalidə Şimşək bildirib ki, yanvar ayı ərzində "sayğacım sərfiyyatı çox qeydə alır" iddiası ilə ünvanlanan 339 müraciət ətraflı araşdırılıb.

"Məlum olub ki, 256 abonent ödəniş hesabatlarını düzgün aparmayıb. Əvvəlki aylardan qalan debitor borclarını ödəmədikləri üçün onlara təqdim olunan bildirişdəki böyük məbləğləri yanlış başa düşüblər. Başqa qrup abonent 2020-ci il üçün nəzərdə tutulan hər kubmetri 10 qəpikdən hesablanan 2200 kubmetrlik aşağı tarifli limit həddini keçdiyindən onların ödənişləri hər kubmetrə görə 20 qəpikdən hesablanıb. Bu zaman artan rəqəmlər sayğacın sərfiyyatı çox qeydə alması kimi başa düşülüb. Digər abonentlər isə yaşadıqları fərdi yaşayış evində sayğacdan sonra qaz sızmasından xəbərsiz olub".

Xalidə Şimşək onu da vurğulayıb ki, belə bir durumda istifadəsində olan əvvəlcədən ödənişli sayğaclarını mexaniki-elektron sayğacla əvəz etmək istəyənlər də çoxluq təşkil edib. Bu barədə 400-ə yaxın müraciət daxil olub. Onlar mexaniki-elektron sayğacın istifadəsinin daha rahat olmasını əsas gətirərək, bu ölçü qurğularına üstünlük veriblər.(milli.az)