Neftin qiyməti 100 dollardan aşağı düşüb
Çin iqtisadiyyatı və tələblə bağlı perspektivlər fonunda dünya bazarlarında neftin qiyməti 100 ABŞ dollarından aşağı düşüb.
Demedia.az birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçersləri 0,07% ucuzlaşaraq 1 bareli 99,42 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,22% aşağı düşərək 1 bareli 95,63 ABŞ dolları təşkil edib.
Çində koronavirusla bağlı vəziyyətin pisləşdiyi bir zamanda neft treyderləri tələbin perspekvitlərini qiymətləndirirlər. Yeni yoluxma halları karantin məhdudiyyətlərinin sərtləşdirilməsinə səbəb olur, bu isə ölkədə iqtisadi artımın gözləntilərini azaldır və dünyada mümkün resessiya ehtimalını artırır.
İnvestorlar Amerika Neft İnstitutunun (API) ABŞ-da neftin kommersiya ehtiyatları ilə bağlı məlumatlarna diqqət yetirirlər. Məlumata görə, iyulun 8-dək olan həftə ərzində ABŞ-da neftin ehtiyatları 4,8 milyon barel artıb. ABŞ-ın Energetika Nazirliyi ölkədə neftin kommersiya ehtiyatları ilə bağlı rəsmi statistikanı bu gün açıqlayacaq. Analitiklər ehtiyatların 0,2 milyon barel azalacağını güman edirlər.