Sahibkarlara kompensasiya nə vaxt ödəniləcək? – Tarif Şurası
Tarif Şurası yanvarın əvvəlində yanacağın qiymətinə dəyişiklik edilən zaman sahibkarların bu qərardan əziyyət çəkməməsi və mümkün itkiləri neytrallaşdırmaq üçün kompensasiyanın ödəniləcəyini bildirmişdi. Kompensasiyanın verilməsi mexanizminin isə yanvarın sonunadək açıqlanacağı qeyd olunurdu.
Qərardan bir aydan artıq vaxt ötməsinə baxmayaraq, mexanizm hələ də açıqlanmayıb.
Məsələ ilə bağlı axar.az-ın sorğusuna cavab olaraq Tarif Şurasından bildirilib ki, hazırda mexanizmlə bağlı məsələlər müzakirə mərhələsindədir:
“Dizel yanacağının qiymətində dəyişikliyin sərnişindaşıma tariflərinə və sərnişindaşıma ilə məşğul olan daşıyıcılara təsirinin neytrallaşdırılması məqsədilə müntəzəm sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiyanın verilməsi mexanizminə dair təkliflər hazırda aidiyyəti qurumlarla müzakirədədir. Təkliflər və rəylər nəzərə alınmaqla aidiyyəti üzrə təqdim olunacaq”.