Azərbaycan və Gürcüstan arasında MÜHÜM MÜZAKİRƏ



 10:41 08.10.2022     462

Energetika naziri Pərviz Şahbazov Gürcüstanın baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

Demedia.az xəbər verir ki, bu barədə azərbaycanlı nazir "twitter"də yazıb.

"Qara dəniz sualtı elektrik xəttinin reallaşdırılması, elektrik enerjisinin ixracı və tranzit imkanlarının artırılması, eləcə də digər istiqamətlərdə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə etdik", - deyə o, qeyd edib.

Energetika Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, görüşdə uzunillik tarixə malik Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstəyə əsaslanan təməllər üzərində inkişafından məmnunluq ifadə edilib. Azərbaycan ilə Gürcüstanın strateji tərəfdaşlıq münasibətlərində əsas rolun məhz enerji əməkdaşlığına məxsus olduğu qeyd edilib. Birgə həyata keçirilən Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri kimi neft-qaz layihələrinin regional və qlobal əhəmiyyətindən bəhs edilib. İki ölkənin enerji əməkdaşlığının müasir mərhələdə inkişafı üçün elektrik enerjisi sahəsində imkanlar nəzərdən keçirilib.

Dayanıqlı enerji təhlükəsizliyi üçün elektrik enerjisi üzrə regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayan nazir P.Şahbazov bu xüsusda Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsinin mühüm rol oynayacağını bildirib. Nazir deyib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edəcək bu layihə birgə enerji təhlükəsizliyi layihələrimizin davamı olmaqla Avropanın təchizat mənbələrini şaxələndirəcək. Bu layihənin gerçəkləşməsinə Azərbaycanın Xəzər dənizindəki nəhəng külək enerjisi potensialı, irihəcmli istehsal güclərinin yaradılması ilə bağlı atılan addımlar, həmçinin Avropa İttifaqı və Dünya Bankının dəstəyi təminat yaradır.

L.Davitaşvili isə deyib ki, bu, Gürcüstan üçün tarixi layihədir və ölkəsi Qara dəniz sualtı elektrik xətti vasitəsilə yeni əməkdaşlıq formatının yaradılmasına hazırdır.

Görüşdə, həmçinin elektrik enerjisinin ixracı və tranzitinin artırılması ilə əlaqədar hazırda icra edilən və planlaşdırılan tədbirlər, Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik enerjisi üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Bərpa olunan enerji, hidrogen və digər bir sıra istiqamətlərdə enerji əməkdaşlığına dair geniş fikir mübadiləsi aparılıb.