Azərbaycan-Aİ arasında aviasiya sahəsi üzrə əməkdaşlıq müzakirə edildi



 11:14 01.12.2022     510

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında nəqliyyat, xüsusilə aviasiya sahəsində əməkdaşlıq, o cümlədən Trans-Avropa nəqliyyat şəbəkələri (TEN-T) çərçivəsində layihələrin həyata keçirilməsi, Zəngəzur Dəhlizinin gələcəkdə bu şəbəkələrə əlavə olunması məsələləri müzakirə olunub.

Demedia.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Rəşad Nəbiyev Belçikanın paytaxtı Brüsselə işgüzar səfəri çərçivəsində Aİ-nın nəqliyyat komissarı Adina Valeanla görüşüb. Görüşdə Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ikinci iclasının Bakıda keçirilməsi ilə bağlı məsələlər də müzakirə predmeti olub.

A.Valeana ölkəmizdə həyata keçirilən nəqliyyat və rəqəmsallaşma layihələri, o cümlədən Zəngəzur Dəhlizinin əhəmiyyəti və işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər barədə ətraflı məlumat verilib. Həmçinin diqqətə çatdırılıb ki, Orta Dəhliz – Cənubi Qafqaz və Mərkəzi Asiyadan keçən multimodal nəqliyyat marşrutu ətrafında əməkdaşlıq üçün böyük potensial mövcuddur. Dəhliz regionun Avropa və qlobal təchizat zəncirlərinə inteqrasiyası üçün müəyyən imkanlar açacaq.