Su, qaz, elektrik sayğaclarına baxılması qaydası dəyişir
Sahibkarlıq sahəsində su, qaz, elektrik sayğaclarına baxılması və onların oxunması prosesi yoxlama hesab edilməyəcək.
Nexeber.az-a istinadən bildirir ki, bununla bağlı qanuna dəyişiklik edilir. Belə ki, Milli Məclisin bu gün keçirilən iclasında "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Su təchizatı və tullantı suları haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" qanun layihəsi (birinci oxunuş) daxil edilib.
Məsələ barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat veriblər. Diqqətə çatdırılıb ki, təklif olunan dəyişikliklər sahibkarlıq sahələrinə xidmət edən inhisarçı dövlət şirkətlərinin fəaliyyətini tənzimləyəcək, bu sahədə dövlət nəzarətini gücləndirəcək və sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələri aradan qaldıracaq.
Qeyd olunub ki, bu günlərdə Milli Məclisdə sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddətinin uzadılması barədə məsələ müzakirə edilib. İndi müzakirə olunan dəyişiklikdə isə nəzərdə tutulur ki, su, qaz, elektrik sayğaclarına baxılması və onların oxunması prosesi yoxlama hesab edilməsin. Sayğaclara qanunsuz müdaxilə aşkar edildikdə isə onun qarşısının alınması mexanizmi dövlət reyestrinden avtomatik cavab almaqla həyata keçirilərək asanlaşdırılır.