Axşam belə yatın, səhər oyananda özünüzü gümrah hiss edəcəksiz


Düzgün şəkildə yatanda insanın yuxusu keyfiyyətli olur. Həmçinin, yuxudan gümrah oyanır və heç yeri ağrımır. Yəqin, bu, hamıda olur: yuxudan oyanırsınız və boynunuz, başınız, qolunuz-bədəninizin hər hansı bir yeri ağrıyır. Səbəbini çox yerdə axtarmaq olar, amma ən birincisi yuxu vərdişi və yatış formasıdır. Onurğaya zərər vermədən necə yatmaq lazım olduğunu bu videoda izah edəcəyəm. Yuxunun keyfiyyətini nə müəyyənləşdirir? Yuxunun keyfiyyətli olmasında melatonin hormonu mühüm rol oynayır. Onun sayəsində biz tez yuxuya gedirik və bütün gecəni sağlam yatırıq. Hormon kifayət qədər deyilsə, insan gecənin bir yarısı oyanır və uzun müddət yuxuya gedə bilmir. Təəssüf ki, zərərli vərdişlər səbəbilə melatonin hormonunun səviyyəsi aşağı düşür ki, bu da orqanizmin işinə mənfi təsir göstərir. Belə zərərli vərdişlərdən biri spirtli içki aludəçisi olmaqdır. Bəziləri inanır ki, yatmazdan əvvəl, bir az spirtli içki içsə, uzun və dərin yuxuya gedəcək. Həqiqətən də, içkili insan tez yuxuya gedir, ancaq gecənin ortasında oyanır və yuxusu qaçır. Digər pis vərdiş yatmazdan əvvəl həddindən artıq yeməkdir. Birincisi, yeməyi həzm etmək üçün vaxt lazımdır və bu müddət ərzində yuxuya gedə bilməyəcəksiniz. İkincisi, uzanıqlı vəziyyətdə dolu mədə digər daxili orqanlara təzyiq göstərir. Ona görə də, çalışın ki, yeməklə yuxu arasında, ən azı, 4 saat vaxt olsun. Əsas pis vərdiş isə qeyri-düzgün yatış formasıdır. Düzgün olmayan yatış forması zamanı əzalar uyuşur, oynaqlar ağrıyır. Əgər, ən azı, bir həftə düzgün yatış formasına riayət edilməsə, xroniki yorğunluq həyat keyfiyyətini aşağı salan əsas amil olacaq. Ardınca da, mərhələli şəkildə immun sistemi zəifləyəcək ki, bu da, öz növbəsində, ciddi patologiyalara gətirib, çıxaracaq. Təhlükəli yatış formaları. 1. Qarnı üstdə yatmaq. Bu yatış forması zamanı onurğanın bel və boyun hissələri, çanaq və kürək əzələləri həddindən artıq yüklənir. Uzun müddət qarı üstdə yatmaq disklərarası yırtıq yaranmasına səbəb ola bilər. Əksər hallarda, qarnı üstdə yatanlar ayaqlarını bir-birinin üstünə qoyur ki, nəticədə, diz qapaqlarına güclü yük düşür. Bu da diz qapağının yandan deformasiyasına və meniskin zədələnməsinə səbəb olur. 2. Arxası üstdə yatmaq. Nəticədə, xoruldama və apnoe (nəfəs dayanması) baş verir. Bu isə, öz növbəsində, təzyiqin artmasına, mikroinfarkta, mikroinsulta səbəb olur. Zərərsiz yatış forması hansıdır? Ən yaxşısı, böyrü üstdə yatmaqdır. Bu vəziyyətdə üzün hansı tərəfə dönük olmasının fərqi yoxdur; nəzərə alınacaq məqam ayaqların və qolların vəziyyətidir. Böyrü üstdə uzandıqda, ayaqlarınızı düz qoymağın çətin olduğunu hiss edəcəksiniz. Bunun səbəbi ağırlıq mərkəzinin beldən aşağıya düşməsidir. Ayaqlar dizdən büküldükdə, ağırlıq mərkəzi dəyişir-yük bud və bədənin yan səthi boyunca paylanır. Bundan əlavə, böyrü üstdə yatarkən, qolunuzu dirsəkdən və çiyindən bükün, başınız boyunca çarpayıda uzadın. Boyuna düşən yük azalacaq. Bu yatış forması ilə səhər saatlarında boyundakı sərtlik hissindən və ağrılardan özünüzü xilas edəcəksiniz. Lakin, çalışın ki, diz oynaqları bir-birini əzməsin. Bunun üçün aralarına adyal qoyun və ya xüsusi yastıqdan istifadə edin. Böyrü üstdə yatmağın zərər verə biləcəyi 2 vacib nüans var: a) Dizinizi çox əyməyin. 90 dərəcə bucaq altında əydikdə, aşağı arxadakı 4-cü və 5-ci fəqərələr bükülür. Bu hal uzun müddət davam etdikdə, həmin fəqərələrin iltihabına və artrozun inkişafına səbəb ola bilər. Təəssüf ki, sağlamlıq problemləri hər birimizin başına gəlir, lakin xəstəliklərin qarşısının alınması haqqında bilmək bəzi xoşagəlməz sürprizlərdən qaçmağa kömək edir; b) Altda qalan ayağınız həmişə üstəkindən daha çox əyilmiş olmalıdır; c) Əlinizi yan tərəfə uzatmayın və ya başın altına qoymayın. Bu hallarda əzələ gərginliyi və nevropatiya yarana bilər; Bəs, yuxu vərdişlərini necə dəyişdirmək olar? Bunun 2 effektiv yolu var: • Yatağa uzananda birinci narahat formada -məsələn; qarnı üstdə uzanın. Təbii ki, boynunuzda və kürəyinizdə gərginlik, ağrılar hiss edəcək, rahat yatış forması axtaracaqsınız. • Pijamanın sinə nahiyəsinə kiçik bir top tikin. Gecənin ortasında qarnı üstə çevrilsəniz, top sinənizə təzyiq göstərəcək və siz bu vəziyyətdə yata bilməyəcəksiniz. Nəticədə, ağrıdan daha rahat yatış forması axtaracaqsınız; • Yatmazdan əvvəl, 6-ya qədər saymaqla, dərindən nəfəs alıb-verin. İlk dövrlər bu cür nəfəs alıb-vermə sizə çətin ola bilər. Ona görə də, aşağı saylardan başlayın, hər gün məşq edərək, sayı 6-ya çatdırmağa çalışın. Unutmayın, sağlam yuxu sağlamlığın əsas tərkib hissəsidir!
Demedia.az "Demədi Demə" "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.
Bahadur Seyidov