Kardioloq: “COVID-19 xəstəliyi keçirən insanların kardioloji müayinələrdən keçməsi olduqca vacibdir”
Miokarditin (ürək əzələsinin iltihabı) yaranma səbəbləri infeksion, toksik, revmatoloji və allergik ola bilər. Araşdırma zamanı virus infeksiyasının ürəyin iltihabına gətirib çıxardığı aşkarlanıb. Virus infeksiyası kimi ilkin olaraq simptomsuz keçən COVID-19 xəstəliyi düşünülür. Bu fikirlərlə Azərbaycan Mərkəzi Gömrük Hospitalının kardioloqu Emin Hacıbalayev çıxış edib. Kardioloq APA-ya açıqlamasında bildirib ki, bunu nəzərə alaraq COVID-19 xəstəliyi keçirmiş insanların kardioloji müayinələrdən keçməsi olduqca vacibdir.
Emin Hacıbalayev
Saxta.info kardioloqun açıqlamasının digər mütəxəssislər, tibbi-mərkəzlər tərəfindən təsdiqlənib-təsdiqlənmədiyini yoxlayıb.
Koronavirusdan sonra ürəkdə fəsadlar ola biləcəyinə dair Rusiyanın V.A.Almazov adına Milli Tibbi Tədqiqat Mərkəzinin baş direktoru, Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Kardioloqlar Cəmiyyətinin prezidenti Yevgeni Şlyaxto da xəbərdarlıq edib.
Yevgeni Şlyaxto
Mütəxəssis bildirib ki, COVID-19 keçirənlərdə nəfəs darlığı, astma tutmaları, yumşaq toxumaların şişməsi həmçinin ürəyin işində fasilələr yarana bilər. Bu tipli simptomlarla üzləşən şəxslər həkimə müraciət etməlidir. Akademik əlavə edib ki, koronavirusun yayılması şəraitində xüsusilə ürək-damar xəstəlikləri olan şəxslər həssas qrup hesab olunur. Çünki COVID-19 ürək-damar xəstəliklərinin ağırlaşması ilə nəticələnir.
Oxşar fikri Rusiyanın Tümen kardiologiya elmi mərkəzinin müalicə-bərpa şöbəsinin müdiri Timofey Semenixin də bölüşüb. O deyib ki, miokarditin (ürək əzələsinin iltihabı) yaranmasında virus, bakteriya, göbələk infeksiyaları rol oynayır. Bu mənada koronavirus infeksiyasının ürək-damar sistemini zədələmə riski yüksəkdir. Risk qrupuna isə ürək-damar problemləri olanlar daxildir.
Mütəxəssislər bildirirlər ki, yeni növ koronavirusa yoluxan şəxsdə sitokin fırtınası yarana bilər. Sitokinlər bioloji funksiyaları tənzimləyən molekullardır. Orqanizm infeksiyaya yoluxduğu zaman sitokin immun sisteminin xəstəliyə qarşı dirəniş göstərməsi üçün vacibdir. Ancaq çox miqdarda sitokinin sürətli şəkildə qana keçməsi sitokin fırtınasına səbəb olur və bu da öz növbəsində miokarditlə nəticələnir.
Qeyd edək ki, koronavirus pandemiyası dövründə həkimlər belə hallarla üzləşiblər. Məsələn, Türkiyədə xəstəxanaların birində fəaliyyət göstərən kardioloq Serkan Akdağ SNN Türk-ə açıqlamasında deyib ki, koronavirusa yoluxan bəzi şəxslərdə bir neçə həftə sonra nəfəs darlığı, sinədə ağrı, ürək döyüntüsü ilə bağlı şikayətlər artıb: “Bu şəxslərin müayinələri, xüsusilə də exokardioqramma zamanı ürək damarlarının tutulduğunun şahidi olduq. 45 yaşlı bir şəxs isə koronavirusa yoluxandan 10 gün sonra infarkt keçirdi. Ana arteriya 100 faiz tutulmuşdu. Xəstəyə stend tətbiq edildi”. Mütəxəssis bildirib ki, həmin şəxsdə yan xəstəliklər, xüsusilə də şəkərli diabet, qan təzyiqi kimi risklər olmayıb.
ABŞ-da da kardioloqlar tərəfindən COVID-19-dan sağalan xəstələrin ürəklərində iltihablaşma müşahidə olunub. Bu səbəbədən də həkimlər koronavirusdan sağalan şəxslərin kardioloji müayinədən keçməsini tövsiyə ediblər. Amerikalı kardioloqlar xüsusilə idmanla məşğul olanların bu prosedurdan keçməsini vacib sayırlar. ABŞ-ın Arizona ştatında fəaliyyət göstərən və əsasən yataq rejimində olan koronaviruslu xəstələrin müayinəsi ilə məşğul olan kardioloq Don Pedrotti bildirib ki, COVİD-19 yalnız tənəffüs yolu xəstəliyi deyil, ürək xəstəlikləri də əlaqəsi var. Pedrotti əlavə edib ki, 3 gün və daha çox koronavirus xəstəliyi keçirən şəxslərin məşqləri bərpa etməzdən əvvəl qan analizi verməsi, həmçinin ürəyin ultrasəs müayinəsindən keçməsi vacibdir.
Yeri gəlmişkən, koronavirus xəstəliyi yayılan ilk vaxtlardan bir sıra şəxslər risk qrupuna daxil edilib.
Bura
Yaşlı insanlar
Qan təzyiqindən əziyyət çəkənlər
Xərçəng xəstəliyi
Xroniki böyrək çatışmazlığı
Ağciyərlərin xroniki obstruktiv xəstəliyi
Piylənmə
Oraq hüceyrəli anemiya
2-ci tip şəkərli diabeti
olan şəxslər daxildir.
Bu sıraya ürək xəstəliklərindən əziyyət çəkənlər də aid edilib.
Sadalanan rəylər göstərir ki, koronavirusun ürək xəstəliklərinə, xüsusilə də miokarditə (ürək əzələsinin iltihabı) səbəb olma ehtimalı böyükdür.
Saxta.info bu qənaətə gəlib ki, kardioloq Emin Hacıbalayevin açıqlaması əsaslıdır.