Bu ölkələrdən quş əti gətirilməyəcək
İngiltərə və Bolqarıstandan Azərbaycana diri quş və quş ətlərinin idxalına müvəqqəti olaraq qadağa qoyulub. Səbəb həmin ölkələrdə yüksək patogen quş qripi xəstəliyinin yayılmasıdır. Qida Təhlükəsizliyi Agentliyi qabaqlayıcı tədbir olaraq, Gömrük Komitəsinə də müraciət edib.
Azərbaycana iki ölkənin bəzi bölgələrindən quşçuluq məhsullarının idxalına qadağa qoyulub.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı ''Xəzər Xəbər''ə Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Ferziyeva deyib. Onun sözlərinə görə, başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə qabaqlayıcı tədbirlər görülür.
Aysel Ferziyeva deyir ki, İngiltərənin Şimal-Şərqi İngiltərə və Bolqarıstan Respublikasının Pleven inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Azərbaycanda da yoluxma riski çox olduğundan bu məhsulların gətirilməsi qadağan edilib.