HİTLERİN SEVİMLİ MƏŞUQƏSİ – EVA BRAUN



 17:00 24.04.2023     333

Bu qanlı olaylardan illər keçəndən sonra onun həyatı ilə maraqlanan qır-saqqız tədqiqatçıların əlindən zinhara gələn böyük bacısı İlza Braun demişdi: “Axı, ondan nə istəyirsiniz? Hitlerin ayağına bütün Avropa dövlətlərinin rəhbərləri, krallar, şahzadələr gəlirdi. Hamı onun dahiliyindən, böyük siyasətçi olmasından, intellektindən danışırdı. Bütün bunların fövqündə zavallı bir qızcığazın onu sevməsi doğrudanmı böyük cinayətdir?”

Həqiqətən, bu zavallı qızcığaz onu - bəşəriyyətdə ən dəhşətli müharibənin müəllifini, milyonlarla insanın qatilini sevmişdi. Özü də nəyinsə xatirinə, vəzifəsinə, adına, mövqeyinə görə yox, məhz özünə görə. Elə buna görə də, 16 illik sevgi macərasından sonra həyatını onunla birgə başa vurmağa cani-dildən razılaşdı. Ancaq bu dəhşətli sona qədər o, Adolf Hitlerlə birgə kədərli və sevinci illər yaşamışdı. Bu qadın Eva Braun idi. Almaniya diktatoru Adolf Hitlerə 16 il məşuqə, vur-tut bir neçə saat həyat yoldaşı olmuş Eva Braun Hitler. 

Eva Braun 1912-ci ildə Münhendə məktəb müəllimi Fridrix Braunun ailəsində anadan olmuşdu. Ailədə üç qız vardı: İlza, Eva və Marqarita. Cənab Braunun ailəsi katolik ənənələrlə tərbiyə olunmuşdu. Ailə başçısının qızlarının təhsili ilə bağlı düşüncələri də məhz dini baxımdan formalaşmışdı. Ona görə də uşaqlığında və yeniyetməliyində yüngül atletika və idmanın digər növləri ilə məşğul olsa da Eva sonunda gözlənildiyi kimi rahibələr məktəbini bitirir. Bundan sonra Münhendəki litseyi yaxşı qiymətlərlə başa vuran qız, dövrünün məşhur yazıçı və filosoflarından xəbərdar idi. Nitşenin, Hegelin əsərləri ilə yanaşı gənc Eva həm də o illərdə geniş yayılmış məhəbbət romanlarının da pərəstişkarı idi. Bəlkə də gələcəkdə özünü hamının tanıyacağı bir adam kimi görmək arzusu, həmçinin sevdiyi şəxsə özünü fəda etmə xüsusuyyətini məhz oxuduğu məhəbbət romanlarından əxz eləmişdi. Beləliklə, 1929-cu ildə təhsilini bitirib valideyinlərinin yanına qayıdan Eva atasının köməkliyi ilə Henrix Hofman adlı sahibkarın fototelyesində işə düzəlir. Burada assistent və satıçı işləyən Eva az keçməmiş gələcək taleyini müəyyənləşdirəcək bir insanla tanış olur. Bu adam Evanın şefi Henrix Hofmanın üzvü olduğu nasional-sosialist partiyasının rəhbəri 40 yaşlı Adolf Hitler idi. 17 yaşlı qız ilk görüşdəcə heç kimə bənzəməyən bu adama vurulur. Aralarındakı yaş fərqi nə az nə çox düz 22 il idi. Gənc qızın Adolfun məhz hansı xüsusiyyətinə aşiq olduğunu demək əlbəttə çətindir. Ancaq Hiler haqqında yazmış bütün müəlliflərin fikri bir mühüm amildə üst-üstə düşür: Almaniya diktatoru həmişə qadınların pərəstiş obyekti olub. Onu da xatırladaq ki, Eva ilə tanış olanda Hitler digər bir gənc qadın - Qeli Rauballa məhəbbət macarası yaşayırdı. Eva əlbəttə, Adolfun bu sevgi romanından xəbərdar idi. Ancaq inanırdı ki, əsl məhəbbət hər şeyə qalib gələcək. 1931-ci ildə Qeli Raubal yaşadığı mənzildə Hitler tərəfindən ona hədiyyə edilmiş tapanca yanlında meyiti tapılır. Almaniyanın gələcək fürerinə öz şıltaqlıqları ilə xeyli problem yaradan Raubalın intihar elədiyi yaxud, öldürüldüyünü idda eləmək çətindir. Ancaq bir şey dəqiqdir ki, Martin Borman dəfələrlə Hitlerə Qeli Rauballa münasbətlərinə son qoymağının lazımlığını bildirmişdi. Sevgilisinin ölümü və yaxud öldürülməsi doğrudan da Hitlerə çox pis təsir edir. Deyirlər, gələcək diktator hətta intihara da cəhd edir. Ancaq Bormanın işə qarışması ilə necə deyərlər, fürerin yaralı könlünə məlhəm tapılır. Dostları ehtiyat variant kimi Eva Braunu “dövriyyəyə” buraxırlar.

Beləliklə, 3 illik  tanışlıqdan sonra 1932-ci ildə Eva Adolf Hitlerin məşuqəsi olur. Gənc qız bu haqda hətta mühafizəkar atasından belə çəkinmədən hamıya danışır. Hitler isə özünün təbirincə, desək “millət və böyük Almaniya” ugrunba mübarizə apardığını bəyan edərək ilk vaxtlarda Evaya bir o qədər də diqqət ayırmır. Xüsusən 1933-cü ildə keçiriləcək seçkilərə hazırlıqla bağlı gələcək fürerin başı xeyli qarışıq olduğundan Eva özünü tamamilə yaddan çıxmış hesab edir. O, Hitleri hansısa qadına deyil, partiyaya və bütün Almaniyaya qısqanmağa məhkum idi.

Evlərində də vəziyyət o qədər ürəkaçan deyildi. Ailəsi onu pozğun hesab edirdi. Beləcə dalana dirəndiyini hiss edən gənc qadın 1932-ci ilin sonlarına yaxın intihara cəhd edir. Bu olayın qurama yoxsa həqiqi olduğunu indi söyləmək çətindir. Ancaq fakt faktlığında qalır ki, Adolf Hitler xəbəri alan kimi güllə boğazını yalayıb keçmiş Evanı görmək üçün təcili Münhenə qayıdır. Hitler belə əlamətlərə dəli kimi inanırdı: bir il əvvəl Qeli, indi də Eva. Sui-qəsd cəhdi nəticəsini verir. Hitler 1933-cü il yanvar ayının birində onu Münhen milli teatrında Vaqnerin operasına baxmağa dəvər edir. Bundan sonra hadisələrin gedişatı sadə, o qədər də mehriban olmayan aşiq-məşuq münasibətlərini xatırladır. Adolf Hitler artıq Almaniya kansleri olmasına baxmayaraq, gənc sevgilisinə hərdən hədiyyələr göndərir, könlünü almağa çalışırdı. Ancaq bütün bunlar 23 yaşlı qadın üçün çox az idi. Eva gündəliyində yazırdı: “Mənim sevdiyim insan Almaniyanın birinci adamıdır, mən isə evdə oturub parlaq günəşi, bu gözəl təbiəti yalnız pəncərə arxasından seyr eləməyə məcburam”.

Ümumiyyətlə, bu dövrdə bədbəxt Evanın gündəliyi ah-nalə ilə doludur. Nəhayət, gündəliyində barəsində yazdığı günəşli günlərin birində 1935-ci ilin mayında Eva ikinci dəfə intihar eləmək fikrinə düşür. Bu dəfə onu həqiqətən ölmək istədiyinə inanmaq lazımdır. Belə ki, gənc qız hamıdan xəbərsiz öz otağına çəkilir, yüksək dozada yuxu dərmanı atır. Bundan təsadüfən xəbər tutan bacısı həkim çağırır və Evanı xilas etmək mümkün olur. Gənc qadının zəifliyi yenə dadına yetişır. Dövlət kansleri  sevgilisi üçün Münhendə ayrıca ev alır, artıq ev sahibəsi olan Eva isə mənzilini ürəyi istədiyi kimi bəzəyə bilir. Təbii ki, bu evdə ən qiymətli əşya Evanın sevgilisi, Alman xalqının füreri Hitlerin porteti idi. Ancaq bu da ona bəs deyildi. Eva hər addımbaşı Hitlerin yanında olmaq istəyirdi. Onun soyuq münasibətindən inciyən Eva göz yaşı tökür, özünü alçalmış hiss edirdi. Bu umu-küsülər Hitler onu özüylə birgə Oberzalsberqdəki malikanəyə aparana qədər sürür.

Həmin vaxtdan başlayaraq Eva Braun rəsmi şəkildə Hitlerin katibəsi kimi qəbul edilir. Təbiətən şən və həyatdan zövq almağı xoşlayan Eva üçün kübar həyatı xeyli xoş idi. Təbii ki, yenə rəsmi ziyafətlərdə, tədbirlərdə  Hitler onunla kifayət qədər soyuq davranırdı, ancaq biz burada yaşadığı dövrdə tamam taşqa bir qadın görürük. Eva gündəliyində Hitler haqqında məftunluqla yazır: “Mənim həyatımın ən xoşbəxt günləri başlayıb. Nə vaxtdan bəri arzuladığım həyata keçib. İndi otağımı onun otağından yalnız bir divar ayırır. Mən hər gün onu görür, səsini duyur, onunla ünsiyyətdə ola bilirəm”.

Eva Hitlerin ona təqdim elədiyi kiçik kinokamera ilə sevgilisinin həyatının hər anını lentin yaddaşına köçürməyə çalışırdı. Təsadüfi deyil ki, indi sizinlə izlədiyiniz bu kadrların böyük əksəriyyəti Eva Braun tərəfindən çəkilib. Oberzalsberqdəki yaşadıqları dövrdə Eva Hitlerin gözündən uzaqda olmaq şərti ilə özünü əsl ev sahibi kimi aparmağı bacarır. Malikanəyə gələn qonaqları darıxmağa qoymur, müxtəlif ev tamaşaları təşkil edir, həm özünün, həm də bura gələnlərin gününün xoş keçməsinə çalışırdı.

Burada yaşadığı illərdə Eva Braun ailəsi üçün də gün ağlaya bilir. Zarafat deyildi, bütün Braunlar ailəsi tam tərkibdə Oberzalsberqdəki evdə yaşayırdılar. Az keçmir ailənin kiçik qızı Himmlerirn müavini SS Qruppenfüreri Feqqlayna ərə getdi. Eva, əlbəttə, hakimiyyətin yüksək ierarxiyasında mövqe tutmuş adamla bu qohumluğu böyük şərəf hesab eləyirdi.

Ancaq artıq II dünya müharibəsi başlamışdı. Eva sevimli Adolfunu tez-tez görə bilmirdi: “Mən bu müharibədən çox qorxuram. Həftələrlə onun üzünü görə bimirəm. Bura gələndə də o qədər məşğul olur ki, yanına yanaşmağa cürətim çatmır. Mənim yeganə təsəllim xoşrəftarli qonaqlar, hərdən bizə gələn Martin Bormanın arvadı və balaca uşaqları, bir də sevimli və şən Yozefdir”.

Eva Braunun barəsində danışdığı bu adam faşist partiyasının rəhbərlərindən biri, total müharibənin ideya müəlliflərindən olan Yozef Göbbels idi. Bu şəxs ikinci adam idi ki, qanlı müharibənin sonunda özünü də, ailəsini də məhv eləyərək, fürerə sədaqətini göstərdi.

Davamı var

Ilham TUMAS