Ruzinin xəzinələri mülayimlikdə və üzügülər olmaqdadır
...Amma xoş əxlaqlı olmaqla yaltaqlanmağın böyük fərqi var...
İslam dini gözəl əxlaqı çox bəyənir. Gözəl əxlaqın gözəl axirət mükafatları vardır. Eyni zamanda insana dünyada da çox faydası olar. Həzrət Peyğəmbər (s) buyurur: "Gözəl xasiyyət dostluğu möhkəm edər". (Tebyan)
Gülərüzlü olmaq - diyarların abad olmasına və ömrün uzanmasına səbəb olar. İmam Sadiq (ə) buyurur: "Yaxşı əməl və gözəl xasiyyət diyarları abad edər və ömürləri uzadar".
Gözəl əxlaq Qiyamət günü hesabı asan edər. İmam Əli (ə) buyurur: "Əxlaqını gözəl et ki, Allah hesabı asan etsin".
İmam Əli (ə) buyurur: "Ruzinin xəzinələri mülayimlikdə və üzügülər olmaqdadır".
Gözəl əxlaq insanı həyatda müvəffəq edər. İmam Əli (ə) buyurur: "Hər kimin xasiyyəti gözəl olar, həyat yolları onun üçün hamar olar".
Gülərüzlü olmaq dünya faydaları ilə yanaşı axirət faydaları da gətirər. Həzrət Peyğəmbər (s) buyurur: "Bəndə xoş əxlaqı sayəsində axirətdə ali və böyük məqamlara çatar, baxmayaraq ki, ibadəti zəif olsa belə".
Günahların bağışlanması - gülərüz olmağın başqa bir faydasıdır. İmam Sadiq (ə) buyurur: "Gözəl əxlaq büdrəmələri əridər, necə ki, günəş buzu əridir".
Həzrət Peyğəmbər (s) buyurur: "Mənim ümmətimin behiştə getmək üçün ən çox imtiyazı - İlahi təqva və gözəl əxlaqdır".
Amma bəzi insanlar gözəl əxlaqa malik olmağı yaltaqlıqla səhv salırlar. Qüdrət sahibləri qarşısında əyilir və öz insani dəyərlərini alçardırlar.
Belə insanlar münasib olmayan bu rəftarın adını gözəl əxlaq qoyurlar. Lakin nə zaman əliboş və yoxsul insanlarla qarşılaşırlar, nədənsə həmin gözəl rəftarı unudurlar.
Yaltaqlıq nəinki dəyər deyildir, əslində böyük günahdır. Allahın qəzəbinə səbəb olur. Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman zalım sitayiş olunar, İlahi ərş titrəyər və Allah qəzəblənər".
İslamın nəzərinə görə gözəl əxlaq o demək deyildir ki, günahkar qarşısında alçalasan. Gözəl əxlaq o mənada deyildir ki, əgər munkər əhli ilə üzləşsək, sükut edək, gülümsəyək. İnsanların pis rəftarına reaksiya verməyək.
İmam Əli (ə) buyurur: "Allahın Peyğəmbəri (s) bizə göstəriş vermişdi ki, günahkarlarla kobud və üzü turşudulmuş halda üz-üzə gələk".
Beləliklə deyə bilərik ki, gözəl əxlaq başqa bir şeydir, yaltaqlıq başqa bir şey. Əgər gözəl əxlaq fəzilətdirsə, yaltaqlıq rəzil sifətlərdəndir ki, Allahı qəzəbləndirər. Gözəl əxlaqın həm bu dünyada və həm də axirətdə faydaları vardır, yaltaqlıq insana həm bu dünyada və həm də axirətdə ancaq zərər verər. Ona görə də aqil insan öz şəxsiyyətinə dəyər verirsə, gərək insanlarla mehriban olsun, amma heç kəsə yaltaqlanmasın.