"Google"da riyazi misalın cavabını axtaran gənc gözlənilməz nəticə ilə üzləşdi



 22:30 29.10.2023     2814

ABŞ-dən "dirtyblue929" ləqəbli "Reddit" istifadəçisi "Google"un axtarış bölməsinə riyazi misal daxil edib və gözlənilməz nəticə ilə üzləşib. Onun kəşfi internet istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Gənc "Google"un axtarış sətirini göstərən ekran görüntüsünü yayımlayıb. Təqdim olunan riyazi misalda "1236/800" yazılmışdı (burada kəsik xətt bölmə işarəsini təmsil edir).

Nəticədə, axtarış sistemi istifadəçiyə "Kömək mövcuddur" başlığı ilə 988 rəqəmindən ibarət telefon nömrəsini təklif edib.

"Əgər bu sadə riyazi misalı "Google"da axtarsanız, o, sizi intihar üçün qaynar xətt nömrəsinə aparacaq", - deyə "Reddit" istifadəçisi paylaşdığı şəklin altına yazıb.

Şərhlərdə oxucular bu axtarış nəticəsində çaşqın olduqlarını etiraf ediblər.

"Bu misalın ölmək istəyənlər üçün qaynar xətlə necə əlaqəli ola biləcyini anlamıram", "Bu, həqiqətən qəribədir", - deyə onlar bildiriblər.
Müəllifin misalı həll etmək üçün "Google"dan istifadə etmək qərarına gəlməsini qeyri-adi hesab edənlər də az olmayıb.

Bəzi şərhçilər isə maraq xatirinə eyni misalı yoxlayıblar. Məlum olub ki, riyazi həll sorğuya daxil olan istifadəçinin yaşadığı yerdən asılıdır.

"Avstraliyada yaşayıram, işləmədi", "Bu sorğuya girsəm, avtomobilin əyləcləri ilə bağlı reklam alıram", "Mənə bölmə əməlinin cavabını göstərdi", - deyə onlar bildiriblər.(oxu.az)