Azərbaycanda hər onuncu cihazda zərərli internet proqram bloklanıb



 22:52 08.06.2021     495

Kaspersky-nin informasiya təhdidlərinin inkişafı barədə hesabatına görə, bu ilin birinci rübündə Azərbaycanda veb-antivirus quraşdırılmış cihazların 9%-də bu və ya digər zərərli proqram bloklanıb. Ümumilikdə, internetdən yoluxma riskinə məruz qalan istifadəçilərin ən yüksək nisbətinə görə Azərbaycan dünya reytinqində ilk 20-liyə daxil olub (17-ci yer).

Bundan əlavə, mart ayında dünyada mədənçi (miner), yəni yoluxmuş cihazlardan kriptovalyuta oğurlamaq üçün hazırlanmış proqramların hücumlarında canlanma müşahidə olunub. Kaspersky-nin qoruma məhsulları fevral ilə müqayisədə mart ayında bu cür hücumların sayında 4 dəfədən çox artım müəyyən edib. Mütəxəssislərin təxminlərinə görə, mart ayındakı canlanma kriptovalyuta qiymətlərindəki artımla bağlı ola bilər.

"Güman edirik ki, təcavüzkarlar bitkoin qiymətlərindəki artımı öz maraqları üçün istifadə etməyə qərar verib və mədənçi proqramları aktiv istifadə edilən alətlər siyahısına qaytarıblar. Əgər kriptovalyuta bahalaşmağa davam etsə, bu cür hücumların sayı da artmağa davam edəcək, amma ötən ilin trendində müşahidə olunan qırılma anı - mədənçi hücumuna məruz qalan istifadəçi sayının azalması barədə danışmaq hələ tezdir," deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.