Bakıda bənsərsiz və futuristik görünüşlü müasir memarlıq nümunəsi olan yeni bina - FOTO
Son illərdə Bakıda tikilib istifadəyə verilən memarlıq nümunələri şəhərimizin abadlaşmasında və daha da gözəlləşməsində xüsusi rol oynamaqla yanaşı, Azərbaycan paytaxtının inkişaf tempini göstərir. Həyata keçirilən layihələr Bakının simasını dəyişməklə bərabər, ölkəmizdə infrastrukturun təkmilləşdirilməsində və əhalinin rahatlığının yaxşılaşdırılmasında da mühüm əhəmiyyət kəsb edir.
Ölkə Prezidenti İlham Əliyevin paytaxtımızın ekoloji cəhətdən təmiz, müasir infrastruktura malik məkana çevrilməsi ilə bağlı verdiyi göstərişlər əsasında həyata keçirilən müxtəlif layihələr Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Bu baxımdan, paytaxtın müasir görünüşünə uyğun inşa edilən və ümummilli liderin adını daşıyan Heydər Əliyev prospektində yerləşən İqtisadiyyat Nazirliyinin yeni inzibati binası xüsusilə seçilir.
Yeni üslubda tikilən bu memarlıq nümunəsi inşaat sahəsində dünyanın mötəbər kataloqlarının da diqqətini cəlb edib. Belə ki, ABŞ-ın mülki mühəndislik sahəsində ixtisaslaşmış “Structure” adlı jurnalı İqtisadiyyat Nazirliyinin yeni binası haqqında yazıb:
“Son on il ərzində Azərbaycan paytaxtı Bakının sürətli inkişafı və burada mötəbər beynəlxalq tədbirlərin keçirilməsi şəhəri Xəzər bölgəsinin mərkəzinə çevirib. Bakıda ucalan göydələnlərin unikallığı və ətraf mühitə uyğunlaşması şəhərdə futuristik bir mənzərə yaradır. Bu binalar funksional və etibarlı olmaqla yanaşı, həm də heyrətamiz gözəlliyi ilə seçilir. İqtisadiyyat Nazirliyinin yeni inzibati binası da məhz belə layihələrdən biridir. Yeni göydələn Bakının müasir mənzərəsini canlandırır”.
Mövcud nəhənglərin yanında dayanan yeni qüllə həm müasir memarlıqda estetik tərəqqinin, həm də innovativ mühəndisliyin bir nümünəsidir. Özünəməxsus dizayna malik bina Türkiyənin tanınmış tikinti şirkəti “Tekfen Construction” tərəfindən inşa olunub. Beynəlxalq layihə qrupuna Cənubi Koreyadan memarlar, ABŞ-dan mühəndislər, Fransa və Türkiyədən olan podratçılar daxil idi. Yaxın koordinasiyada işləyən komanda tərəfindən güclü külək və seysmik aktivliyin mövcud olduğu şəhərin ciddi standartlarına cavab verən bənzərsiz bir bina yaratmaq üçün kompleks materiallarla böyük və gərgin bir iş aparıb. 33 mərtəbədən ibarət binanın 31 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumi sahəsi 44 min kvadratmetrdən artıqdır. Bina mərkəzi dəyirmi özəyə montaj edilmiş beş burulmuş kubun üst-üstə yerləşdirilməsi görüntüsü yaradır. Hər bir kub beş ofis mərtəbəsindən ibarətdir. Kublar arasında isə sütunsuz yaşıllaşdırılmış açıq hava məkanları yaradılıb. Hər mərtəbə alt mərtəbəyə nisbətdə yerini 1,2 dərəcə dəyişir və bu da binanın aşağıdan yuxarıya qədər 40 dərəcə bucaq altında burulmasını təmin edir.
İqtisadiyyat Nazirliyinin yeni inzibati binası müasir standartlara tam cavab verir və burada yüksək təhlükəsizlik tədbirləri görülüb. Binanın özünəməxsus memarlıq quruluşu, yerləşdiyi ərazinin küləkli sahə olması, Xəzər dənizinin yüksək seysmik regionda yerləşməsi onun tikintisində bir sıra tələblərin yerinə yetirilməsini şərtləndirib. Layihənin inşası üçün ASCE, ACI və AISC kimi təşkilatların tikinti üzrə beynəlxalq qaydalarından və texniki tələblərindən istifadə olunub. Bina Rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlıdır. Paytaxtın yeni simasını formalaşdıran müasir memarlıq üslubu ilə seçilən tikililərdən olan inzibati bina ABŞ standartlarına uyğun dizayn edilib. Qeyd edək ki, tikilinin dizaynı 2020-ci ildə ABŞ-da ENR (Engineering News-Record) “Award of Merit, Government Building” mükafatına layiq görülüb.
Bu müasir bina tikintidə yeni çağırışların paytaxtımızın infrastrukturuna inteqrasiyası ilə yanaşı, işçi heyətin daha rahat şəraitlə təmin olunmasına imkan yaradır. 772 nəfər əməkdaşın işləməsi nəzərdə tutulan binada müasir multimedia vasitələri ilə təchiz edilmiş, müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmış 260 nəfərlik konfrans zalı, 14 iclas otağı, 260 nəfərlik yeməkxana var.
Tikinti üçün məkanın düzgün seçilməsi, binanın fasadında və daxili tərtibatında mükəmməl memarlıq həllərinə üstünlük verilməsi, eləcə də keyfiyyətli inşaat materiallarından istifadə edilməsi diqqətdə saxlanılıb. Yüksək standartlara cavab verən göydələnin bənsərsiz və futuristik görünüşü şəhərimizin müasir memarlıq üslubunu parlaq şəkildə ifadə edir. Əzəmətli binaları, yeni memarlıq abidələri ilə seçilən müasir Bakının göz oxşayan tikililərlə zənginləşməsi hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi yaradır. Bir tərəfdə ölkəmizin tarixinin əsrarəngiz yadigarları, digər tərəfdə isə çağdaş həyatın tələblərini əks etdirən müasir tikililər. Bütün bunlar ilk baxışda təzadlı görünsə də, xalqımızın öz keçmişinə sıx tellərlə bağlılığını, ənənələri yaşatmasını, eyni zamanda daim müasirliyə can atmasını, inkişafın ardıcıllığını təmin etməyə çalışdığını təsdiqləyir. Qədimliklə müasirliyin unikal vəhdəti Bakının özünəməxsus simasını formalaşdırır.