Dünyanın tərk edilmiş 10 şəhəri Qəribə səbəblər - ARAŞDIRMA
“Qapını çırpıb getdi…” Bu sözü tez-tez eşidirik. Hətta, ömrümüzdə heç olmasa bir dəfə, hardansa elə qapını çırpıb çıxmışıq. Demirəm, çıxdığımız qapıdan bir daha qayıdıb girməmişik, əsas odu ki, çıxmışıq. Bir də təsəvvür edin ki, böyük-böyük şəhərlərin sakinləri yüklərini tutub arxasına baxmadan yola düşür…Bir daha da geri dönmür. Hə, bu gün bax belə, sakinsiz şəhərlərdən danışacağam.
Demedia.az-ın araşdırmasına görə,, atılmış şəhərlərdən danışanda hamımız Pompey, ya da Maçu-Piçu haqqında düşünürük. Amma müasir tariximizdə də bir çox yaşayış məskənləri tərk edilir. Bu “ruh şəhərlər” qorxunc görünürlər. İndi baxaq görək, bunlar hardadır...
- Fordlandiya. 1927-ci ildə Henri Ford Braziliya ərazisində Fordlandiya adlı bir şəhər salmaq qərarına gəlir. Məqsədi “Ford” avtomobil şirkətini rezinlə təmin eləmək idi. Elə buna görə də, Fordlandiya adlandırdığı şəhəri rezin plantasiyasının ortasında inşa etdirir. Şəhərin hovuzları, qolf meydançaları, yaşayış evləri, rəqs zalları vardı. Əhali yavaş-yavaş axışırdı. Amma bizim dediyimiz kimi, son hesabı Henri yox, fələk bağladı. Ərazidəki ağaclara yarpaq göbələyi düşdü, nəticədə, onlardan rezin istehsal eləmək mümkünsüz oldu. Henrinin qoyduğu sərt qanunlar da əhalini narazı salırdı. Şəhərdə içki içmək yasaq idi, müəyyən saatdan sonra eşiyə çıxmaq olmazdı. Amerikalı işçilərlə braziliyalı işçilərin arasında tez-tez çıxan davalar da Fordlandiyanın sevimliliyini azaldırdı. Beləcə, şəhər əhalisi yavaş-yavaş gəldikləri kimi də getməyə başladılar. Təsəvvür edin, şəhərin qurulmasına 20 milyon dollar xərcləyən Henri Ford öz zavodu üçün buradan 1 kq rezin istehsal edə bilmədi. Axırda, 1945-ci ildə şəhəri Braziliya hökumətinə satmaqdan başqa çarəsi qalmadı. Hazırda şəhər turist marşrutlarında dayanacaqlardan biri kimi istifadə edilir. Köhnə rezin plantasiyalarında da soya, qarğıdalı və düyü əkilir. İşçilərin yaşadığı evlərdə fermerlər məskunlaşıb. Bir düşünün, indiki pullarla Henri Fordlandiyaya 200 mln dollardan çox xərcləyib. Eh... Yəqin, ona görə deyirlər ki, çoxlu pul insana böyük səhvlər eləməyə imkan verir.
- Kilamba. Anqolanın paytaxtından 30 km məsafədə yerləşən şəhər çinli investorlar tərəfindən inşa edilib. O vaxt Angola prezidenti Jose Eduardo dos Santos`un seçkiqabağı vədlərindən biri belə idi: “Ölkədə ev problemi həll ediləcək. Qısa müddətdə böyük binalar tikiləcək.” Prezident öz vədinin yalnız ikinci hissəsinə sadiq qaldı; 2012-ci ildə Kilambanın inşası yekunlaşdı. 500 min əhali üçün nəzərdə tutulan şəhərdə 750 hündürmərtəbəli bina, yüzlərlə ticarət mərkəzi və onlarla məktəb tikilib. Və bütün bunlara ümumən, 3,5 milyard dollar xərclənib. Amma...İşin qəribəsi odur ki, bu böyüklükdə şəhərin hazırda min nəfərdən az əhalisi var. Çünki Anqola əhalisinin böyük hissəsi kasıbdır, günlük qazancı 2 dollar olan insanlar başlarını güclə girləyirlər. Sabit gəliri olmayan əhali bu bahalı şəhərdən ev almaq üçün heç ipotekaya da ümid edə bilmir.
- Valle-Piola. İtaliyanın mərkəzində yerləşən orta əsrlərə aid Valle-Piola adlı şəhər 650 min dollara satışa çıxarılıb. Təsəvvür edin, İtaliyanın ürəyində bütöv bir şəhərin sahibi olmaq... Cəmi 650 min dollara. Bu qiymətə Romada, yaxud Londonda orta səviyyəli bir binadan, uzağı, üçotaqlı mənzil almaq olar. Bəs, görəsən, bu şəhər niyə satılır? Çünki 40 ildən çoxdur ki, onun bir dənə də olsun sakini yoxdur. Xarici dünya ilə əlaqəsi yalnız əyri, kələ-kötür bir torpaq yolun vasitəsilə mümkündür. Valle-Piola Gran Sasso Milli Parkının tərkibindədir. Amma hökumət bu şəhərin bərpası üçün pul ayırmır. Ona görə də satışa çıxarılıb. Qonşu şəhər olan Torricella Sicura`nın meri ümid edir ki, kimsə gəlib Valle-Piola`nı alacaq və şəhəri yenidən canlandıracaq.
- Oradour-sur-Glane. Bu fransız şəhəri II Dünya müharibəsi zamanı nasist qoşunları işğal edib. 1944-cü ilin iyununda alman ordusu tərəfindən şəhərin dünyayla əlaqəsi kəsilir. Alman əsgərlər sənədləri yoxlamaq adıyla sakinləri bir yerə toplayırlar, kişiləri anbarlarda güllələyirlər, qadın və uşaqları kilsədə yandırırlar. Şahidlərin sözlərinə görə, ölümlə üz-üzə qalan insanların fəryad və nalələri uzaqlardan belə eşidilirdi... Müharibədən sonra Fransa hökuməti bu şəhəri bərpa etməmək, onu tarixi eksponat kimi qoruyub saxlamaq qərarına gəldi. Tarixin vəhşətinin şahidi olan Oradour-sur-Glane xarabalıqları indi də olduqca kədərli mənzərəyə sahibdir.
- Saint-Jean-Vianney. 1971-ci il mayın 4-də, gecə saat 11-də bu şəhərdə güclü torpaq sürüşməsi baş verib. Birnəfəsə dərəyə tökülən 42 evdə 31 nəfər həlak oldu. Amma onlardan bəzilərinin cəsədi tapılmadı. Şəhər əhalisini xilas edən həmin axşam canlı olaraq yayımlanan xokkey matçı oldu. Matçın nəticəsini bilmək üçün insanlar televizorun qarşısında idi, çox az adam yatmışdı. Ona görə də səs-küyə hamı eşiyə qaçdı və xilas oldular. Səhər açılanda isə evlərin yerində 30 metrlik dərə gördülər. Sonradan məlum oldu ki şəhər salınarkən böyük xətalara yol verilib, evlər riskli sürüşmə zonasında tikilib. Beləcə, Saint-Jean-Vianney tərk edildi.
- Əl-Kuneitra. Suriyadakı bu şəhər Osmanlı imperiyası dövründə Dəməşqdən gələn karvanların dayanacaq məntəqəsi kimi salınıb. Uzun illər gözəl, əsrarəngiz bir məkan olub. Amma XX əsrin əvvəllərindən şəhər daimi konfliktlərin mərkəzinə düşdü. 1946-cı ildə Suriyanın tərkibinə qatıldı. 1964-cü ildə “Kuneitra azad bölgəsi”nin paytaxtı oldu. Üç il sonra İsrailin nəzarətinə keçdi. 1973-cü ildə Əl-Kuneitranı Suriya yenidən özünə birləşdirdi. Bu da uzun sürmədi, 1974-də təkrar İsrail şəhəri nəzarət altına aldı. İsrail ordusu burdan çıxarkən binaların əksəriyyyəti artıq yaşanılası halda deyildi. Suriya hökuməti də daim savaşlara ev sahibliyi edən şəhəri bərpa etmək istəmədi. Məcbur qalan sakinlər şəhəri həmişəlik tərk etdilər. Hazırda Əl-Kuneitra İsrail-Suriya sərhəddindəki neytral zonada yerləşir və burada BMT-nin sülhməramlıları xidmət edir. Həmçinin, şəhərin ətrafında yüksək səviyyədə mina təhlükəsi var.
- Consonno (Konzono)- İtaliyanın orta əsr şəhəri olan Consonno`nun əhalisi əkinçiliklə məşğul olurdu. Ta ki, 1960-cı illərdə qraf Mario Bagno şəhəri almaq üçün 22,5 milyon italyan lirəsi sayır. O, burda Las-Vegasın italyan versiyasını yaratmağı arzulayırdı. Əyləncə məkanları, zooparklar, barlar tikdirməyə başlayır, qrafın gözəl ideyasını da hamı bəyənir. Amma... Consonno`nun taleyi də “atılmışlıq”dan yaxa qurtara bilmir. 1976-cı ildə baş verən torpaq sürüşməsi şəhərə gələn yolu dağıtdı və qorxan şəhər əhalisinin əksəriyyəti həmişəlik buranı tərk etdi. 1980-ci illərin sonunda Bagno ideyasını sona çatdırmaq istədi və şəhərdəki tikinti işlərini davam etdirməyə çalışdı. Bu dəfə də əcəl aman vermədi, qraf öldü. Consonno da yavaş-yavaş “ruh şəhər”ə çevrildi. 2014-cü ildə 10, yaxud, 14 mln avroya satışa çıxarıldı.
- Kachaba (Kaxaba). ABŞ-ın Alabama ştatının ilk paytaxtı olan Kachaba salındığı vaxtlarda ticarət və nəqliyyat mərkəzi idi. Çayların qovşağında yerləşməsi onun strateji əhəmiyyətini daha da artırırdı. Vətəndaş müharibəsi zamanı azad edilən qulların əksəriyyəti məhz Kachabaya üz tuturdular. Amma qəfildən, şəhər, sanki lənətə tuş gəldi. Ard-arda sel basqınına məruz qaldı,əhalisi yoluxucu xəstəliklərə yoluxdu və sürətlə öldü... Canını götürən də qaçmağa başladı. Deyilənə görə, Kachabadan sonuncu sakin 1900-cü ildə çıxıb. O gündən Kachaba öz xarabalıqlarıyla baş-başa qalıb. Hazırda buranı tarixi şəhər-muzey kimi qorumağa çalışsalar da, evlər, küçələr, köhnə kilsə belə yavaş-yavaş təbiətə məğlub olurlar.
İndi düşündüm də, bu siyahıya Ağdamı, Cəbrayılı, Füzulini, mənfur qonşularımızın dağıtdığı, viran qoyduğu hər bir yaşayış məskənimizi sala bilərdimmi? Məncə, yox. Bizim ağrılarımızla, acılarımızla, faciələrimizlə yan-yana qoyanda bu “ruh şəhər”lər adama elə adi gəlir ki... Çox şükür, artıq o gözəl torpaqlarda yenidənqurma işləri başlanılıb.
Bahadur Seyidov