Tonlarla qızıl, milyardlarla pul – Kommunist Partiyasının xəzinəsini kimlər mənimsəyib...
1991-ci ilin “QKÇP” hadisələrindən sonra bu hadisələrə heç bir aidiyyəti olmayan üç dövlət məmurunun intiharı həm Kremldə, həm də ictimaiyyət arasında böyük suallar doğurub. Həmin ilin avqustun 26-da Mərkəzi Komitənin işlər idarəsinin müdiri Nikolay Kruçina yaşadığı mənzilin eyvanından özünü ataraq intihar edib. Bu hadisədən heç bir ay ötməmiş Kruçinadan əvvəl işlər idarəsinin müdiri vəzifəsində işləmiş Georgi Pavlov da eyni üsulla özünə qəsd edib. Həmin il oktyabrın 17-də isə Mərkəzi Komitənin beynəlxalq şöbəsinin müdir müavini Dmitri Lisovolik də özünü yaşadığı mənzilin eyvanından atıb. Bu məmurların heç birinin “QKÇP” hadisələrinə qatışacağı və müdaxiləsi olmayıb.
Maraqlıdır, Mərkəzi Komitənin üç tanınmış simasını intihara nə vadar edib? Müəmmalı intiharların səbəbi eyni olubmu?
Uzun illər məsələni araşdıran istintaq əməkdaşları, həmçinin ayrı-ayrı hüquqşünaslar və vəkillər bu suallara sonda “bəli” cavabını veriblər. Hər üç şəxsin intiharının bir səbəbi olub, Kommunist Partiyasının xəzinəsinin boşalması. Belə ki, intihar edənlərin hər üçü partiyanın xəzinəsinə cavabdehlik daşıyıblar. Söhbət kiçik məbləğlərdən yox, tonlarla qızıl, milyardlarla dollar puldan gedib...
Kommunist Partiyasının xəzinəsi hələ Leninin dövründən yaranıb. Məqsəd xarici ölkələrdəki Kommunist Partiyalarını maliyyəşədirməklə onların fəaliyyətini gücləndirmək və inkişaf etdirmək olub.
Partiyanın xəzinəsi əsasən partiya üzvlərinin üzvlük haqlarından (maaşlarına müvafiq olaraq üzvlük haqları), partiyanın mətbu orqanları və nəşrlərindən əldə olunan gəlirdən və “könüllü” ianələrdən formalaşıb. Xəzinənin nə qədər zəngin olduğu haqda təsəvvür yaratmaq üçün bir neçə faktı göstərmək kifayətdir. 1980-ci illərdə partiyanın 20 milyona yaxın üzvü olub. Onların hər biri aylıq maaşlarına müvafiq olaraq üzvlük haqqı ödəyiblər. Partiyanın orqanı olan çoxsaylı qəzetlərin tirajları isə milyonlarla olub ki, bu qəzet və jurnalların məcburi abunəsi həyata keçirilib. Nəşrlərin tirajları da milyonları ötüb ki, həmin nəşrlərdən əldə olunan gəlirlər partiyanın xəzinəsinə köçürülüb.
Partiyanın xəzinəsi dövlət xəzinəsindən tam ayrı olub. Maraqlı faktlardan biri odur ki, partiya mənsubları maaşlarını dövlət büdcəsindən aldıqları halda, onların kommunist kimi ödədikləri olan üzvlük haqları dövlət büdcəsinə deyil, Kommunist Partiyasının xəzinəsinə keçib. Beləliklə, Kommunist Partiyasının xəzinəsi zaman-zaman zənginləşib.
SSRİ-nin süqutundan sonra Rusiyada hakimiyyətə gələn Boris Yeltsin Kommunist Partiyasının xəzinəsi ilə bağlı fərman imzalayıb. Fərmanda qeyd edilib ki, xəzinə Rusiyanın dövlət büdcəsinə köçürülsün. Bu fərman hüquqi baxımından qanuni sayılmayıb. Belə ki, Kommunist Partiyasının xəzinəsi haqqında yalnız partiyanın ali orqanı olan qurultayın və ya plenumun qərarı mütləq sayılıb. Mövcud qarışıq dövrdə bu məsələyə çox diqqət verilməyib və qərara alınıb ki, Kommunist Partiyasının xəzinəsi Rusiyanın dövlət büdcəsinə verilsin. Amma partiyanın pullarını yeni hökumətin hesabına köçürmək mümkün olmayıb. Səbəbi isə sadəcə xəzinənin boş olması olub.
Kommunist Partiyasının pullarının hara yoxa çıxması uzun illər araşdırılıb. “QKÇP” hadisələri zamanı Mərkəzi Komitədə bir çox sənədlərin yandırılması və oğurlanması bu məsələni qəlizləşdirib. Həmin sənədlərin arasında partiyanın maliyyə məsələləri ilə bağlı sənədlər də yoxa çıxıb. Araşdırmalar zamanı müəyyən edilib ki, Qorbaçovun hakimiyyəti dövründə partiyanın xəzinəsində təxminən 2-3 min ton qızıl, 10 milyarddan artıq dollar olub. Bu xəzinədən ortaya cəmi 240 ton qızıl çıxıb.
Məsələnin araşdırılması Rusiya Nazirlər Sovetinin sədr müavini Yeqor Qaydara həvalə edilib. Qaydar Moskvaya dünyanın pul köçürmələri üzrə ən tanınmış mütəxəssislərini dəvət edib. Partiyanın pullarının hansı ölkəyə, hansı şəraitdə və nə vaxt köçürülməsi ilə Amerikanın məşhur “Kroll Associates” şirkəti də məşğul olub. Bu araşdırmaya görə Rusiya hökuməti şirkətə iki milyon dollar ödəyib. Amma bu araşdırmalar heç bir nəticə verməyib. Belə ki, ortada nə maliyyə sənədləri olub, nə də maliyyə işlərini icra edən məmurlar.
Qeyd edək ki, partiyanın xəzinəsinə Mərkəzi Komitənin işlər idarəsinin müdiri məsul olub. Bütün köçürmələr, bölgülər, gəlir və çıxarlar onların əli ilə icra edilib. Brejnevin hakimiyyəti dövründə idarənin müdiri Pavlov olub. Onu 1985-ci ildə Qorbaçova yaxınlığı ilə tanınan Kruçina əvəz edib. Xarici ölkələrin Kommunist Partiyalarına bölgünü isə Mərkəzi Komitənin beynəlxalq şöbəsinin müdir müavini Lisovolik aparıb. Hər üçü intihar edib. Beləliklə də, pulların hara getməsini müəyyən etmək mümkün olmayıb.
Qaydar partiyanın xəzinəsinin yoxa çıxması ilə bağlı jurnalistlərə araşdırmaların nəticəsini aşağıdakı kimi açıqlayıb:
“Mən artıq bu məsələdən yorulmuşam, gərgin araşdırmalar heç bir nəticə vermir və bu gündən sonra da hansısa bir nəticənin hasil olacağına inanmıram. Biz artıq bir daha bu məsələyə qayıtmayacağıq...”
Xəzinənin yoxa çıxması ilə bağlı xarici və yerli mütəxəssislər tərəfindən müxtəlif versiyalar səsləndirilib. Bu versiyaların sırasında qızılların Qorbaçovun göstərişi ilə xüsusi təyyarədə İsveçrəyə daşınması, Mərkəzi Komitənin yüksək ranqlı dövlət məmurlarının xarici ölkələrdəki Kommunist Partiyalarının rəhbərləri ilə sövdələşməsi, yəni həmin ölkələrə artıq pul köçürülüb sonradan nağd şəkildə geri qaytarılması, həmin pulların hesabına xarici ölkələrdə Mərkəzi Komitənin yüksək vəzifəlilərinin başqa adamların adına villalar, şirkətlər alınması və s. fikirlər də yer alıb.
O ki qaldı xəzinəyə cavabdehlik daşıyan üç dövlət məmurunun intiharına, bəzi versiyalara görə bu intiharlar “könüllü” baş verməyib. Hətta sonralar müdafiə naziri Dmitri Yazovun dediklərinə görə Kruçina intihar etməyib, o, kimlərsə tərəfindən eyvandan aşağı atılıb.
Bütün bu versiyalar öz yerində, əsas fakt odur ki, milyonlarla sıravi kommunistlərin illər boyu xəzinəyə ödədikləri pullar bir neçə “böyük” kommunist tərəfindən heç bir iz qoymadan “peşəkarlıqla” mənimsənilib...//Musavat.com