Kərim Vəliyevin hərb yolu... - Ekspert yeni təyinatdan danışdı



 09:50 27.07.2021     1091

Müdafiə Nazirliyi rəhbərliyindəki son təyinatlar, xüsusilə Kərim Vəliyevin Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi cəmiyyətdə müzakirə mövzusudur. Nazirliyin rəhbərliyində olan, illərlə adı neqativlərdə hallanan kadrların, ümumiyyətlə, ordudan uzaqlaşdırılması, təmizlənməsi, milli kadrların rəhbər vəzifələrə təyinat almaları məmnunluq yaradıb. Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilən Kərim Vəliyev cəmiyyətə müdafiə nazirinin müavini kimi tanışdır. Lakin onun keçdiyi hərb yolu, həyatı bir qədər arxa planda qalıb.

General-leytenant Kərim Tofiq oğlu Vəliyev 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub. O, 1982-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib. 1982-1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib. 1990-1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, ordu korpusu komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Prezident İlham Əliyevin sərəncamı ilə 1994-cü ildə “Azərbaycan Bayrağı” ordeni, 2005-ci ildə “Vətən uğrunda” medalı və 2012-ci ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. 2014-cü ildə müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Vətən müharibəsində şəxsən iştirak edən general “Zəfər” ordeni, Ağdamın, Qubadlının və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.

Axar.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev Musavat.com-a açıqlamasında Baş Qərargah rəisi postuna Kərim Vəliyevin gətirilməsinini “son illərin ən uğurlu təyinatı” adlandırıb. Ə.Verdiyev deyib ki, Kərim Vəliyev vaxtilə onun komandiri olub:

“Kərim Vəliyev Azərbaycan Ordusunun ən peşəkar, təcrübəli zabitlərindəndir. 1-ci və 2-ci Qarabağ müharibələrinin iştirakçısıdır, bu müharibələr arasındakı bütün döyüş əməliyyatlarında da iştirak edib. Zabit və əsgərlər arasında hörməti olan azsaylı generallardandır. Əminəm ki, bu təyinat ordumuzun gücünə əlavə güc qatacaq”.

Hərbi ekspert deyib ki, son 10 ildə Azərbaycanda ordu quruculuğu sahəsində mühüm işlər görülüb. Bu illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin təşkilat-ştat strukturlarının təkmilləşdirilməsi ilə yanaşı, hərbi qulluqçuların da sosial-məişət şəraitlərinin yaxşılaşdırılması və maddi vəziyyətlərinin yüksəldilməsi üçün bir çox layihələr həyata keçirilib. Bu dövrdə Azərbaycan Silahlı Qüvvələrinin balansında olan yaşayış fondu ilə bərabər, yeni hərbi hissələr, zabitlər üçün şəhərciklər, təlimlərin keçirilməsi üçün yeni poliqonların tikilməsi və sair kimi infrastruktur layihələrinə geniş yer ayrıldı.

Hərbi ekspert deyib ki, ordu quruculuğu proseslərdə önəmli olan və mühüm əhəmiyyət daşıyan amillərdən biri də şəxsi heyətin təsərrüfat və təminat işlərindən azad olunması, bu vəzifələrin yerinə yetirilməsi üçün mülki vətəndaşların xidmətə cəlb edilməsi oldu:

“Şəxsi heyətin sırf döyüş hazırlığı ilə məşğul olması məqsədilə addımlar atıldı. Bu da ordumuzun döyüş potensialını kifayət qədər yüksəltdi. Əlavə olaraq orduda döyüş qabiliyyətini tələb edən vəzifələrə ixtisaslı mütəxəssislər cəlb olundu. Yəni manqa komandiri, snayper, kəşfiyyat orqanlarında xidmət edən heyət tamamilə müddətdən artıq xidmət edən hərbi qulluqçularla komplektləşdirildi. Kifayət qədər bahalı hərbi texnikaların idarə edilməsi bu kateqoriyadan olan kadrlara həvalə edildi ki, bu da ordunun döyüş qabiliyyətinin artırılması ilə nəticələndi”.

Hərbi ekspert diqqətə çatdırıb ki, digər vacib məsələlərdən biri ordumuzun kadr potensialının xaricdə təhsil almış zabitlər hesabına yüksəldilməsindən ibarət oldu:

“Ordumuzun təcrübəli və savadlı kadrlarla təmin olunması məqsədilə tərəfdaş ölkələrlə hərbi təhsil sahəsində əməkdaşlıq haqqında müqavilələr imzalandı. Azərbaycandan kənarda təhsil almaq üçün gedən şəxsi heyətin sayında ciddi artım müşahidə olundu. Sonradan bu kadrların Vətən müharibəsi zamanı kifayət qədər ciddi nəticələr qazandığının şahidi olduq. Gənclərimizin milli ruhda yetişdirilməsi üçün hərbi liseylərdən tutmuş strateji hərbi akademiyalara qədər bütün səviyyələrdə olan təhsil müəssisələri yenidən quruldu, orada yerli mütəxəssislərin tədrislə məşğul olması üçün münbit şərait yaradıldı. Hərbi ali məktəblərin yaradılması tədris potensialının artırılmasına səbəb oldu”.

Ədalət Verdiyev xatırladıb ki, Azərbaycan son 10 ildə müdafiə potensialının gücləndirilməsi və müdafiə sənayesi sahəsində bir çox işlər görüb:

“Müasir dövrün çağırışlarına cavab verən, yeni texnologiyalarla hazırlanmış müdafiə məmulatları alınıb. Müdafiə sənayesi sahəsində tərəfdaş ölkələrin təcrübəsi nəzərə alınmaqla ən inkişaf etmiş sənayeyə malik ölkələrlə əməkdaşlıq çərçivəsində Azərbaycanın yerli müdafiə sənayesi potensialı inkişaf etdirilib. Nəticədə 1000-dən çox müdafiə təyinatlı məmulatlar yerli müəssisələrdə istehsal olunmağa başlayıb. Bu məmulatlar həm ixracda, həm də yerli hərbi hissələrin təminat və təchizatında mühüm rol oynadı. Hazırda Azərbaycan Ordusu bir çox yerli məmulatdan istifadə etməkdə davam edir. Onlardan bir neçəsini biz Vətən müharibəsi zamanı müvəffəqiyyətlə və ilk dəfə döyüşlərdə sınaqdan keçirdik”.

Hərbi ekspert qeyd edib ki, digər tərəfdən, respublikamız artıq aerokosmik ailəyə daxil olub:

“Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. Hazırda biz bu peyklər vasitəsilə həm mülki, həm də hərbi məqsədli vəzifələrin yerinə yetirilməsini müşahidə edirik. Vətən müharibəsi zamanı bu peyklərdən əldə olunan görüntülər vasitəsilə biz düşmənin müxtəlif təyinatlı və bahalı zenit komplekslərini məhv etdik. Bu isə bir daha aerokosmik peyklərin tətbiqinin əhəmiyyətini sübut etdi. Bundan başqa, Azərbaycan son 10 il ərzində 3 dəfə ADEX müdafiə sənayesi sərgilərini uğurla təşkil etdi. Hazırda müdafiə sənayemiz növbəti ADEX 2022 sərgisinin Azərbaycanda keçirilməsi üçün hazırlıq işlərinə başlayıb. Ümumiyyətlə, Azərbaycan regionda ən böyük müdafiə büdcəsinə malik dövlətdir. Döyüş qabiliyyətinə görə də ölkəmiz müxtəlif beynəlxalq təşkilatların reytinqində Ermənistandan ən az 37 pillə irəlidə qərarlaşıb”.