Zakir Həsənov Kəlbəcərə getdi



 12:45 07.04.2022     170

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Bu barədə Demedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzində yeni inşa edilmiş inzibati binada yaradılan şərait, həmçinin təlim sahəsində görülən işlərlə tanış olub. Məruzə olunub ki, müxtəlif qoşun növləri bölmələrinin təyinatı nəzərə alınmaqla real döyüş şəraitinə uyğunlaşdırılan mərkəzdə təlimlərə cəlb ediləcək hərbi qulluqçuların döyüş hazırlığının və taktiki-xüsusi bacarıqlarının inkişaf etdirilməsi məqsədilə lazımi infrastruktur yaradılıb.

Sonra nazirliyin rəhbər heyəti Kəlbəcər rayonunda yerləşən hərbi hissədə yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, hərbi hissədə şəxsi heyətin nümunəvi xidmət etməsi üçün mebellərlə təchiz edilmiş yataqxana və xidməti otaqlar, hamam-sanitar qovşağı, qurutma otağı, tibb məntəqəsi, ehtiyat qidaların saxlanması üçün ərzaq anbarı, yeməkxana və mətbəx avadanlığı mövcuddur. Binada mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və dayanıqlı rabitə, həmçinin ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar vardır.

Daha sonra general-polkovnik Z.Həsənov hərbi hissənin təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyib. Bildirilib ki, burada hərbi qulluqçulara atəş və dağ hazırlığı, eləcə də müxtəlif maneələrdən keçid və digər fəaliyyətlərin aparılması öyrədilir.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını müsbət qiymətləndirən nazir onların qayğıları ilə maraqlanıb, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdırıb.

Sonda müdafiə naziri hərbi qulluqçuların döyüş hazırlığının və peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.