“Türkiyənin yanımızda olması bizə güc verdi” - Zakir Həsənov



 10:18 12.02.2021     264

"Türkiyə ilə təlimlər keçirməyin qürurunu yaşayırıq. Təlimlər əməkdaşlıq və koordinasiyasını təmin etmək, qar və şiddətli soyuqda hərəkət imkan və qabiliyyətlərini yoxlamaq məqsədilə keçirilib".

Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qars şəhərində keçirilən "Qış təlimi-2021" birgə təlimləri çərçivəsində "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə çıxışı zamanı deyib.

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyə Respublikasının Milli müdafiə naziri Hulusi Akarın və Türkiyə Silahlı Qüvvələrinin komandanlıq heyətinin iştirakı ilə Qars şəhərində keçirilən "Qış təlimi-2021" birgə təlimləri çərçivəsində "Yüksək səviyyəli müşahidəçi günü" keçirilib.
Əvvəlcə iki qardaş ölkənin müdafiə nazirlərinə "Qış təlimi-2021" birgə təlimləri barədə raport verilib.
Sonra nazirlər yeni nəsil texnika və avadanlıqla, eləcə də hərbi ambulanslarla tanış olub, sığınacaqlara baxış keçiriblər.

"Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularındandır. Qardaş ölkə ilə güclü əməkdaşlığımız mövcuddur. Türkiyə ordusunun təcrübələrindən yararlanmaq bizim üçün önəmlidir", - nazir qeyd edib.

Z.Həsənov Azərbaycanın 44 günlük müharibədə Ermənistanı məğlub edərək, torpaqlarımızın işğalına son qoyduğunu bildirib, müharibədə Türkiyənin hər zaman yanımızda olduğunu bəyan edib:

"Müharibə zamanı Türkiyə öz siyasi mövqeyini ortaya qoydu və bizim yanımızda oldu. Türkiyə bu mövqeyi ilə dünyaya bu mesajı verdi: "Türkiyə Azərbaycanın yanındadır". Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan qardaşlığı sarsılmazdır, əbədidir.

Türkiyənin yanımızda olması bizi qürurlandırdı, bizə güc verdi. Biz bu gücdən istifadə edərək, işğal altındakı torpaqlarımızı azad etdik. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirdi. Türkiyənin bizə verdiyi böyük dəstəyə görə təşəkkür edirəm".

Nazirin sözlərinə görə, Qarabağ müharibəsi Türkiyə-Azərbaycan əlaqələrini daha da gücləndirdi:

"Azərbaycan və Türkiyə əsgərləri Azadlıq meydanında zəfər keçidindən keçdilər. Bu tarixi gündə Azərbaycan xalqı da Türkiyə və Azərbaycan bayraqları ilə dəstəyini göstərdi".

Nexeber.az  "qafqazinfo"-ya istinadən xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar da iki ölkə arasındakı əlaqələr, qış təlimlərinin əhəmiyyətindən danışıb:

"Bütün dünya bird aha gördü ki, Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri təminatı, peşəkar heyəti ilə hər cür vəzifəni quruda, dənizdə, havada, qış, yay, dağda, dərədə icra edəcək gücdədir. Ölkələrimizin və Türk millətinin müdafiəsi, təhlükəsizliyi üçün Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinə hər kəsin inanmasının zəruriliyini bir daha göz önünə sərmiş olduq".

H.Akar bildirib ki, Türkiyə və Azərbaycan qardaşılığının sadəcə sözdə olmadığını Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün gerçəkləşdirdiyi əməliyyatlarda bir daha nümayiş etdirilib.