Prezidentin xüsusi nümayəndələri olacaq - Fərman



 15:04 19.01.2021     171

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib.

Nexeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, xüsusi nümayəndəliklərə Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Prezidentin xüsusi nümayəndələri rəhbərlik edəcək.

Xüsusi nümayəndələr Prezidentin müəyyən etdiyi ərazi hüdudlarında Prezidenti təmsil edəcək və Prezidentin müəyyən etdiyi səlahiyyətləri həyata keçirəcəklər.

Prezidentinin Administrasiyası Prezidentin xüsusi nümayəndəlikləri haqqında əsasnamənin layihəsini və xüsusi nümayəndəliklərin fəaliyyətinin təşkilinə dair təkliflərini on beş gün müddətində Prezidentə təqdim etməlidir.