Texas mediasında 20 Yanvar faciəsindən bəhs OLUNUB



 18:00 20.01.2023     667

ABŞ-ın texas.statenews.net xəbər saytında “20 Yanvar – Qorbaçovun qanlı layihəsi” sərlövhəli məqalə yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Demdia.az-a bildiriblər ki, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin (USACI) İdarə Heyəti adından təqdim olunan məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı tanklarının və qoşunlarının paytaxt Bakı küçələrinə zorakılıqla soxularaq, dinc əhaliyə qarşı qətliam törətdiyi qeyd olunub.

Yazıda qeyd olunub ki, 1987-ci ildən başlayan proseslər – erməni separatçılarının Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri və Ermənistandakı azərbaycanlıların öz tarixi yurdlarından qovulması 1990-cı il faciəsinə gətirib çıxardı. Mixail Qorbaçovun rəhbərlik etdiyi sovet rejimi erməni separatçılarının yerli və beynəlxalq qanun normalarına zidd hərəkətlərinin qarşısını almaq əvəzinə, Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətdi.

Nəzərə çatdırılıb ki, qanlı hadisələr zamanı Bakıda və Azərbaycan rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri də olub. Sovet hərbçiləri tərəfindən 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlaklar məhv edilib.