Paşinyan istəyinə çatdı - Azərbaycanın Qarabağda diqtəsi artır
Xülyalarla, iddialarla, əsassız istəklərlə özlərini hər zaman aldadan və yalanlarına hamıdan çox özləri inanaraq xalqı da bu düşüncələr əsasında idarə edən Ermənistan hərbi-siyasi rəhbərliyi bu gün onun cəzasını çəkir. 44 günlük müharibənin bitməsindən 4 aya yaxın bir müddət keçməsinə baxmayaraq Azərbaycana ağır məğlubiyyətdən heç cür özünə gələ bilməyən Ermənistana son dərsi Vətən Müharibəsində məhv olmaq təhlükəsi ilə üz-üzə qalmaqdan onu xilas edən ən yaxın müttəfiqi, havadarı Rusiya verdi.
10 Noyabr Bəyanatına imza atmaq üçün qaranlıq otağı özünə məkan seçən Nikol Paşinyan fikirlərinin, planlarının da o divarlar arasındakı kimi görünməz olduğunu zənn etdi. İmza atdığı sənədlərin Ermənistan üçün ölüm-qalım məsələsi olduğunu, görünür, dərk etməyən Paşinyan idarə edildiyi Qərb dairələrinin son tapşırıqlarını da yerinə yetirmək eşqinə düşdü. Amma bu, tək Paşinyana yox, bütünlüklə Ermənistan adlı dövlətə baha başa oturacaqdı.
Bir yandan Azərbaycandan 44 günlük müharibənin revanşını almağa çağırışların girdabında boğulan, digər yandan itən nüfuzunu geri qayratmaq üçün manevr yolları axtaran Paşinyan ən optimal variant kimi Rusiyanın diqtəsi ilə imza atdığı bəyanata qarşı çıxmağı düşündü. Bu bəyanatın icrasından boyun qaçırmaq üçün "İsgəndər"namə danışan Nikol Paşinyan Putinin təbirincə desək, Ermənistan üçün sui-qəsd ola biləcək gedişi etdi.
Azərbaycanla apardığı müharibə dövründə Rusiyanın onlara hədiyyə etdiyi "İsgəndər" raketinin partlamadığını bildirən Paşinyanın bu açıqlaması az qala Ermənistanı partladacaqdı. Burada yenə də erməni baş nazirin qanının arasına Putinin cavabdehlik daşıdığı bəyanat girdi. Sözügedən sənədlərdə nəzərdə tutulan müddəaları yerinə yetirmək üçün Paşinyanın kürsüsündən salınması Kremlin maraqlarına uyğun deyildi. Lakin Rusiya Paşinyana heç zaman unutmayacağı qulaqburması verdi.
Baş Qərargah rəisindən tutmuş digər yüksək rütbəli zabitlərinin Paşinyanı istefaya səsləməsi, Ermənistanın vətəndaş müharibəsi və hərbi qiyamla üz-üzə qalması Rusiyanın hərbi sənayesinə vurulan ağır zərbəyə cavab idi. Vəziyyətin getdikcə təhlükəli hal aldığını görən Paşinyan 2 il əvvəl birgə göyərçin uçurduğu tərəfdarlarını meydanlara səsləyərək onları birgə yürüşə çağırsa da, vəziyyəti dəyişə bilmədi. İrəvanda başının üstündə Rusiyaya məxsus Miq-29 qırıcılarını görən Paşinyan anladı ki, o heç kimdir. Rusiyanın ona qarşı həmin dəqiqəyə kimi mərhəmətinin səbəbini də başa düşməyə başlayan erməni nazir çox keçmədi ki, "İsgəndər"lə bağlı dediklərinə görə üzr istəməklə rəsmi Moskvanın bəraətini almış oldu. Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun "Əsas odur ki, həqiqət bərpa olundu" deməklə üzrü qəbahətindən böyük olan Paşinyanı geri addım atdığına görə hələlik bağışladıqlarına eyham vurdu.
Səhvini təlafi edən Nikol ötən gün Respublika meydanındakı mitinqdə istəyinə çatdı. Bunu mitinqdəki izdiham da təsdiq edir. Bu izdiham həm də o demək idi ki, xalq 10 noyabr Bəyanatından prinsipcə razıdır. Bu, həm də onların xalq olaraq şüuraltında Azərbaycanı bu münaqişədə haqlı və güclü tərəf kimi qəbul etdiklərinin təsdiqi idi. Dünənə kimi 44 günlük müharibədə ağır məğlubiyyətin əsas səbəbkarı kimi göstərilən Nikol Paşinyana görə meydana axışan erməni xalqı həm liderlərini Sarkisyan, Köçəryan və digər müxalifət üzvləri ilə meydanda tək buraxmadılar, həm də 30 illik Qarabağ avantürasından bezdiklərini, Azərbaycanla yeni savaş, revanş istəmədiyini göstərdilər. Bu mitinqlə "Qarabağ klanı"nı dağıdan Nikol onu devirmək istəyən daxili və xarici mərkəzlərə gücünü göstərdi. Paşinyanın dəstək mitinqinə qatılanların sayı müxalifətin mitinqlərinə qatılanların sayını dəfələrlə üstələdi. Bu, o deməkdir ki, ermənilərin əksəriyyəti Paşinyana alternativ görmürlər.
Buna rəğmən, Paşinyanın kütləvi mitinqi Ermənistanda xaosa son qoymayacaq, əksinə qarşıdurma daha da intensiv xarakter alacaq. Erkən parlament seçkisi təklifini yenə səsləndirməsi və yarı prezident respublikasına keçidlə bağlı oktyabr ayında referendum keçirməsi istəyi də Paşinyanın bu gərginliyi artırmağa hazır olduğunu göstərir.