İsrail İrana niyə indi hücum etdi?



 12:21 30.01.2023     490

İsrailin İrana zərbələr endirməsi gözlənilməz hal deyil, lakin hücumun niyə indi edildiyi maraqlıdır. Hücumdan bir neçə gün öncə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmisi Rafael Mariano Qrossi bəyan etdi ki, “İran bir yox, bir neçə nüvə silahı əldə edə biləcək qədər zənginləşdirilmiş urana malikdir”. Bu açıqlama İranın nüvə proqramı ilə bağlı həyacan siqnalı hesab edilə bilər, hərçənd, belə xəbərdarlıqlar ilk dəfə deyil. Burada əsas məqam İrana zərbələrin Qrossinin açıqlamasından sonra endirilməsi, yaxud bu açıqlamanın niyə indi verilməsi – Tehranın nüvə silahı əldə edə biləcəyi perspektivinin yenidən gündəmə gətirilməsidir.

Demedia.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, nəticənin olmadığı nüvə danışıqlarında İranın taktikası sirr deyil:

"Prosesi uzatmaq və uranı zənginləşdirmək üçün əlavə vaxt qazanmaq; Ukrayna müharibəsi, ABŞ-Rusiya qarşıdurması bu məsələdə Tehranın imkanlarını artırır;

Vaşinqton Tehranın taktikasını anlayır, buna uyğun mövqelərini də sərtləşdirir. Eyni zamanda, iki hadisə də hücum qərarını gücləndirən amillər sırasındadır:

- İranda etirazların başlanması rejimin “qan itirməsi”, xüsusilə mümkün toqquşmada daxili dəstəyinin əvvəlki qədər olmaması reallığını yaradıb;

- İsraildə “İrana hücum” xəttinin əsas müdafiəçisi Benyamin Netanyahu yenidən baş nazir postuna gəldi;

İstisna deyil ki, Trampı nüvə danışıqlarından çıxmağa sövq edən Netanyahu Baydeni də zərbənin endirilməsi üçün unikal vaxtın olduğuna inandıra bilib. Hücumdan günlər öncə ABŞ və İsrail ordusunun İranın nüvə obyektlərinə hücum ssenarisinin məşq etməsi də bu kontekstdə diqqət çəkirdi.

Hərçənd, zərbələrin nüvə obyektlərinə yox, hərbi bazalara endirilməsi də səbəbsiz deyil.

Birincisi, İranın nüvə obyektlərinin müxtəlif istiqamətlərdə yerləşməsi dəqiq zərbələri çətinləşdirir və İsrailin belə dəqiq zərbələr endirəcək silahı yoxdur: məlumata görə, belə silahın (GBU-57 bombası) ABŞ-dan alınması istiqamətində danışıqlar gedir;

İkincisi, ABŞ-ın hədəfi hələki böyük müharibə yox, Tehrana atılacaq addımların praktiki olaraq göstərilməsidir;

İsrail üçün nüvə obyektlərinə zərbə endirmək imkanı hələ çətin olsa da, ABŞ üçün Ukraynada Rusiya ilə toqquşmanın davam etdiyi vaxt İranla genişmiqyaslı müharibənin nə qədər sərfəli olduğu sual altındadır:

- Mümkün müharibə, diqqətin Ukraynadan yayınmasına və Rusiyanın əlinin güclənməsinə şərait yarada bilər;

- Ukrayna cəbhəsinə paralel ikinci cəbhədə aktiv müharibə hərbi və siyasi baxımdan problemlərə yol aça bilər;

Hücum İranı nüvə masasına qayıtmağa və razılaşmağa məcbur etmək kimi görünür. Hücumdan bir gün sonra Qətərin xarici işlər nazirinin Tehrana JCPOA (Hərtərəfli Birgə Fəaliyyət Planı) tərəflərinin mesajlarını aparması da bu fikri gücləndirir. Görünür, Vaşinqton hücumlara paralel olaraq, qətərli nazir vasitəsilə İrana siyasi mesajlar da göndərib və endirilən zərbələr Tehranı razılığa məcbur etməyə hesablanıb.

Hərçənd, diplomatiya üçün qapılar açılsa belə, İsrailin İran daxilindəki hərbi obyektlərə, eləcə də Suriya və İraqda Tehrana bağlı hədəflərə zərbələr endirməyə davam edəcəyi perspektivi aydın görünür".

Xəyalə Məmmədova / Demedia.az