Laçında məskunlaşan erməni: “Doğma evdən hara gedəsən?”



 21:07 08.03.2021     793

BBC-nin rus xidməti Laçın rayonunun rusiyalı sülhməramlıların nəzarətində olan hissəsindən reportaj hazırlayıb. Jujrnalistlər 2020-ci il dekabrın 1-də  rayon Azərbaycana qaytarıldıqdan sonra həmin ərazidə qalan ermənilərlə söhbət edib. Hazırda Laçında mağazada satıcı işləyən Larisa adlı  erməni BBC-nin əməkdaşına deyib ki, müharibə vaxtı rayonu tərk etməyib, bundan sonra da  getməyə hazırlaşmır. Daha sonra o, “doğma evdən hara gedəsən” sözlərini əlavə edib.

Ermənilərin Qarabağda kompakt yaşadığı kənd və qəsəbələr məlum olduğundan Laçında məskunlaşan erməninin söylədiyi bu fikir diqqət çəkir. Çünki Laçında tarixən yaşamış  əhalinin  milli  mənsubiyyəti ilə bağlı  kifayət qədər açıq, konkret  məlumatlar  var.  Bütün stastistik göstəricilər  Laçın əhalisinin böyük hissəsinin azərbaycanlılar  olduğunu göstərir. Bu mənada erməni qadının BBC-nin əməkdaşına  dediyi  “doğma evim” sözləri təəccüb doğurmaya bilməz.

Nexeber.az xəbər verir ki, Saxta.info Laçında məskunlaşan erməninin bu fikrinin əsası olub-olmadığını yoxlayıb.

Laçın rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992-ci il may ayının 18-də işğal olunub.  Bununla da bir şəhər, bir qəsəbə, 125 kənd  ermənilərin nəzarətinə keçib.  İşğal nəticəsində  13 min 745 yaşayış evi qarət edilərək yandırılıb.  48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal obyekti dağıdılıb. 

Rayonun 58 min 736  sakini öz doğma torpağından  didərgin düşərək məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda məskunlaşıb. 1 yanvar 2020-ci il tarixə olan məlumata görə  rayonun 78.6 min nəfər əhalisi var.

Tarixi mənbələr göstərir ki, Laçında heç vaxt ermənilər  kompakt şəkildə yaşamayıb.  Məlumdur ki, ermənilər ümumiyyətlə Cənubi Qafqaza 1828-ci ildə Rusiya ilə İran  arasında imzalanan Türkmənçay, 1829-cu ildə Rusiya ilə Türkiyə arasında bağlanan Ədirnə sülh müqavilələrindən sonra əldə olunan razılaşmaya əsasən İran və Türkiyə ərazisindən köçürülüb. Həmin vaxt yaradılan köçürmə komitələri İran və Türkiyədən gətirilən erməniləri indiki Ermənistan Respublikasının paytaxtı İrəvan, həmçinin Naxçıvan və Qarabağ ərazisində yerləşdiriblər.

Çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon  kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olan Laçın ərazisində erməniləri məskunlaşdırmaq mümkün olmayıb. 

Sovet dövrünün əhalinin siyahıya alınması ilə bağlı statistikasına görə,  1959-cu ildə Laçnda  137,  1970-cu ildə 72, 1979-cu ildə 34 erməni yaşayıb.  

Ermənilər Laçında 1992-ci ildə rayonu işğal etdikdən sonra kompakt şəkildə məskunlaşmağa başlayıblar. Belə ki, işğaldan dərhal sonra Ermənistan hökuməti Laçın şəhərinin və rayonun bir neçə ətraf kəndinin məskunlaşdırılmasına dair məxfi əmr verib. Ermənilər bu yolla Dağlıq Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizinin keçdiyi ərazini nəzarətdə saxlamaq məqsədi güdüb.  İlkin plana əsasən Ermənistan tərəfi  rayonunun 4 yaşayış məntəqəsində məskunlaşma aparmalı idi.  Amma 1995-ci ildə artıq rayonun 12 kəndinə  erməni ailələri  köçürülmüşdü. Qondarma  Dağlıq Qarabağ respublikası tərəfindən  açıqlanan  statistik göstərcilərə görə, 1996-cı ildə artıq Laçının kəndlərində 2700  erməni məskunlaşdırılıb.  

Amma ermənilərin Laçında məskunlaşdırılması prosesi bununla yekunlaşmayıb.  2004-cü ildə Azərbaycan BMT Baş Məclisində işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırma ilə bağlı məsələ qaldırdıqdan sonta  ATƏT-in Minsk qrupu xüsusi missiya yaradaraq araşdırma aparıb. Qurum ilk hesabatında Azərbaycanın bu yöndə olan narahatlıqlarını təsdiqləyib. Missiya işğal altındakı ərazilərdə məskunlaşdırılan ermənilərin sayını vizual qiymətləndirmə yolu ilə müəyyən edib və bu nəticəyə gəlib ki,  işğal altındakı ərazilərdə 17 mindən çox erməni məskunlaşdırılıb. Azərbaycan tərəfi isə bundan əvvəl  20-23 min erməninin məskunlaşdırıldığını  bəyan edib.  

ATƏT-in Faktaraşdırıcı Missiyası həmin hesabatında təkcə Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyini müəyyən edib. Azərbaycan tərəfi bu rəqəmin 13 mindən artıq olduğunu açıqlayıb.  2010-cu ilin oktyabr ayında faktaraşdırcı missiya yenidən bölgədə olub və  məskunlaşdırma siyasətinin davam etdiyini təsdiqləyib. Missiya bu dəfə təkcə Laçın və Kəlbəcərdə 14 min erməninin  məskunlaşdırıldığını   açıqlayıb.

Yeri gəlmişkən, Azərbaycan tərəfi  bununla bağlı Avropa Şurası Parlament Assambleyasında (AŞPA) məsələ qaldırıb.  Quruma təqdim olunan sənəddə Laçında məskunlaşdırılan ermənilərin sayının 13 minə  çatdığı bəyan edilib.

Laçına əsasən Suriya və  Livan erməniləri  köçürülüb.   Rayonun Zabux kəndi ərazisində  Livandan gələn ermənilər üçün yeni yaşayış kompleksi salınıb. Ermənilərin “Ari” xeyriyyə fondunun vəsaiti hesabına salınan  “Ariavan” adlı  kompleksdə   2014-cü ildən bəri tikinti işləri aparılıb, hər il bura Livandan köçürülən ermənilər evlərlə təmin olunub.

     

Bu kompleksdə məskunlaşdırılan  300 erməninin demək olar ki, hamısı Livandan gəlib. Bunu  ermənilər özləri  BBC-nin əməkdaşı ilə söhbətlərində etiraf ediblər. Kəndin qondarma “icma rəhbəri” Andranik Çavuşyan anası və qardaşları ilə birgə 2014-cü ildə Livanın paytaxtı Beyrutdan bura gəldiyini deyib.

Tamar adlı erməni qadın da Laçına Livandan gəlib.  Beyrutdakı banklardan birində mühasib işləyib Tamar 2016-cı ildə Laçında məskunlaşıb.

Digər erməni qadın, Knarik Şaroyan da Laçına  Beyrutdan köçürülüb.  Bərbərliklə məşğul olduğunu deyən  Arut  Qenecyan adlı erməni  isə 2020-ci ilin avqust ayında Beyrutda baş verən partlayışdan sonra Laçına göçürülüb. 

BBC-nin ötən il oktyabrın 24-də, İkinci Qarabağ Müharibəsi ərəfəsində  yayımlanan başqa bir reportajında  Arut  əlində  silah,  döyüşçü kimi təqdim  olunub. Bu isə Livandan köçürülən ermənilər  arasında muzdlu döyüşçülərin olduğunu bir daha sübut edir.

Laçının başqa bir kəndində,  Qarıkahada məskunlaşan ermənilər də Rusiyanın Kommersant nəşrinə   müsahibələrində  kəndə 1992-ci ildən sonra köçdüklərini etiraf ediblər.

Livan ermənilərinin Laçında məskunlaşdırılması prosesi demək olar ki, İkinci Qarabağ Müharibəsinə qədər davam edib.  Belə ki, ötən ilin avqust ayında  Beyrutda ermənilər yaşayan  ərazidə  baş verən partlayışdan sonra  qondarma Dağlıq Qarabağ respublikasının  rəhbərliyi  100-150 erməni ailəsini qəbul etməyə hazır olduqlarını açıqlayıb.  Hətta onların köçürülməsi üçün humanitar fonddan 25 milyon dram (50 min dollar), daha sonra əlavə olaraq 17 milyon dram (35 min dollar) ayrılıb.

İşğal dövründə ermənilərin ən çox məskunlaşdıqları yaşayış məntəqələrindən biri də Laçın şəhəri olub. Qondarma DQR-in təqdim etdiyi 1996-cı ilə aid statistik məlumatlara görə,  Laçın şəhərində 1300 erməni məskunlaşıb. Sonrakı illərdə əhalinin sayı 3 minə yaxınlaşıb. 2011-ci ilə olan məlumatda isə şəhərdə əhalinin sayı 2700 nəfər göstərilib.

Laçın  şəhərində əsasən Suriyadan olan ermənilər məskunlaşdırılıb. Bunu işğal dövründə erməni mənbələrinin açıqladığı xəbərlərdən  də izləmək mümkündür. Məslən, 2012-ci ilin avqustunda yayılan xəbərdə Suriyadan gələn iki ailədən birinin Laçın şəhərinə yerləşdirildiyi bildirilir.  Qondarma DQR-in Laçın rayonu üzrə  “məcburi köçkünlərlə iş şöbəsinin müdiri” Robert Matevosyan mətbuata verdiyi açıqlamasında  həmin ailənin tez bir zamanda evlə təmin olunacağını bildirib.

Matevosyan deyib ki, Laçına köçürülən  ermənilərin vətəndaşlıq məsələsi dərhal həll olunur və onlar asanlıqla Ermənistandan “Artsax”a  gələ bilirlər.  O,  Suriyadan olan daha iki erməni ailəsinin Laçına gələcəyini açıqlayıb. İrəvanda olan suriyalı ermənilərin köçürülüməsi üçün hazırlıqlar aparıldığını deyən Matevosyan  əlavə edib ki, Kaştaq (ermənilər Laçını belə adlandırıblar - red) rayonu Suriyadan gələn erməniləri məhdudiyyətsiz qəbul etməyə hazırdır və onların işlə təmin olunması üçün bütün işlər  görülür.  

2013-cü ilin mart ayında yayılan başqa bir xəbərdə  isə  Suriyadan gəlmiş erməni ailələri üçün Laçında çoxmənzilli yaşayış binalarının və fərdi evlərin tikintisinə başlanıldığı bildirilir.  Qondarma DQR-in  Laçın rayonu üzrə administarasiya rəhbəri David Davtyan ilk mənzilləri aprelin ortalarında təhvil veriləcəyini deyib.  O Laçın rayonunda Suriyadan qaçqın düşmüş 105 nəfərdən ibarət 29 erməni ailəsinin məskunlaşdığını, mənzillər tikilənədək onların Laçın şəhərindəki yataqxanada yerləşdirildiyini bildirib.  

Кавказский Узел” saytı Laçında ev vəd olunan bir neçə ailə haqda məlumat verib. Onların arasında Suriyanın Əl-Qamışlı şəhərindən əri və  4 uşağı ilə birlikdə Laçına gələn Şamiran Vardanyan,  Suriyanın Asaki şəhərindən köçürülən 21 yaşlı Raffi Melkonyan da var. 

 Şamiran Vardanyan saytın əməkdaşı ilə söhbətində Suriyadakı gərginlik aradan qalxan kimi, geri dönəcəklərini bildirib, həmin günü səbirsizliklə gözlədiklərini  deyib.    

Laçın şəhərində təkcə Suriyadan deyil, hətta ABŞ-dan gələn  ermənilər də məskunlaşdırılıb.  Məslən,  İkinci Qarabağ Müharibəsi ərəfəsində, BBC-nin  Laçında  olan əməkdaşı ABŞ-dan gələn Nelli adlı erməni qadından söz açır. 2020-ci il oktyabrın  5-də yayılan reportajda Nellinin 17 il Kaliforniya ştatında  yaşadıqdan sonra Ermənistana döndüyü, sonra isə Laçın şəhərində məskunlaşdığı, burada market işlətdiyi qeyd edilir.

BBC-nin İkinci Qarabağ Müharibəsindən sonra, ötən il noyabrın 17-də Laçınla bağlı təqdim etdiyi  reportajda   isə şəhərdə ən böyük və geniş marketi olan amerika ermənisi Stepan Sarkisyandan  söhbət açılır, onun müsahibəsinə yer verilir.

Sadalanan faktlar ermənilərin Laçında işğaldan sonrakı illərdə məskunlaşdırıldıqlarını birmənalı şəkildə  sübut edir.

Saxta.info  bu qənaətə gəlib ki,  Larisa adlı  erməni qadının  da sadalananlar fonunda Laçın rayonunu  öz  doğma  vətəni  sayması üçün  heç  bir  əsası  yoxdur.