"Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi..." - XİN



 12:40 09.03.2023     463

"Ermənistan siyasi rəhbərliyinin erməni qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmadığını etiraf etdiyi məlumdur. Habelə Qüvvələrin 2022-ci ilin sentyabr ayında çıxarılacağı bəyan edilsə də, bunun hələ də baş vermədiyi bəllidir. Azərbaycan ərazisindən hansı qüvvələrin çıxarılması barədə öhdəliyə gəldikdə isə bir daha xatırladırıq ki, 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndinə əsasən, məhz bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması nəzərdə tutulur və bu məsələdə manipulyasiyalar yolverilməzdir".

Demedia.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistan XİN-in ölkəmiz əleyhinə 8 mart tarixli saxta və yalan dolu bəyanatına dair şərhində yer alıb.

Bildirilib ki, Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüz siyasətinin və qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədilə, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür:

"Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək".