Tokayev: “Qazaxıstan Azərbaycanla iqtisadi əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir”
“Qazaxıstan Azərbaycanla ticari-iqtisadi və investisiya sahələrində hərtərəfli əməkdaşlığın inkişafı üçün bütün mümkün addımları atır”.
Demedia.az “Sputnik-Qazaxıstan”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə Astanada məhdud tərkibdə danışıqları zamanı deyib.
O bildirib ki, Qazaxıstan Cənubi Qafqaz regionunda aparıcı rol oynayan Azərbaycanla iqtisadi qarşılıqlı əlaqənin və əməkdaşlığın inkişafı istiqamətində çox ciddi işlərə köklənib. “Aramızda heç bir problem yoxdur. Sadəcə, bu istiqamətdə irəliləmək istəyi var”, - K.Tokayev bildirib.
O həmçinin qeyd edib ki, Qazaxıstan tərəfi Azərbaycanla siyasi arenada - istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlarda əməkdaşlıq etmək niyyətindədir.
K.Tokayev dəvəti qəbul edib Astanaya səfər etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. O qeyd edib ki, ötən ilin avqustunda Bakıya etdiyi səfəri səmərəli olub.
“İndi prezidentlərin tapşırıqlarının yerinə yetirilməsi üzrə iki ölkənin hökumətləri tərəfindən görülən işləri yoxlamağa ehtiyac var. Qeyd etmək istərdim ki, Azərbaycan Qazaxıstan üçün qardaş, çox yaxın dövlətdir” – K.Tokayev vurğulayıb. / Report