Azərbaycan bayrağını yandıran şəxsə cinayət işi açılmasından imtina edildi



 13:18 15.04.2023     436

Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağını yandıran erməni vandalı Aram Nikolyanla bağlı cinayət işi açılmayıb.

Demedia.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat yayıb.

O iddia edib ki, istintaqın ilkin mərhələsində işdə “cinayət tərkibinin olmadığı” məlum olub.

Qeyd edək ki, ötən gün Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat baş verib. İrəvanda keçirilən çempionatın açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırılıb.

Bayraqların paradında Azərbaycan bayrağı zala gətirildikdən sonra tədbirin təşkilatçılarından olan dizayner Aram Nikolyan səhnəyə çıxaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb və zaldan çıxarıb.

Xatırladaq ki, daha əvvəl A. Nikolyanla bağlı cinayət işinin açıldığı bildirilmişdi.