Gedin, “İran təranələri”ni başqa yerdə oynayın!



 16:40 21.04.2023     489

Qardaşı, övladı, əri, xalasıoğlu, əmisioğlu, nə bilim, nəslində bir erkəyi hərbi xidmətə getməyən, barıt qoxusu bilməyən zırpı-zırpı kişilərin, qadınların “niyə müharibə eləyib, Xankəndini almırıq”, yaxud “İranla müharibəyə hazırıq” sayaq gicləmələrini eşidəndə, oxuyanda təpəmdən qaynar qazanla su tökürlər elə bil.

O gün baxıram, biri deyir ki, gərək İlham Əliyev müharibə vaxtı Xankəndini götürəydi. Sonra da çox rahat şəkildə aparıcının “İlham Əliyev desəydi ki, indi gəl, otur hakimiyyətdə, davam elə, nə edərdiniz” sualına da həvəslə, utanmadan cavab verir. Elə bil, evcik-evcik oynayır zalım balası. Ayə, İlham Əliyev illər boyu edilə bilməyəni elədi, işin 90 faizini gördü, yəni düşünmürsən, mümkün olsaydı, təbii ki, qalanını da eləyərdi?

Hələ bir para adam da, yenə Çöhrəqanlıdan danışır. Camaat elə bil yenə qayıdıb 90-cı illərin sonuna, 2000-ci ilin əvvəllərinə. Bəziləri yenə çöhrələri qan içində Çöhrəqanlını arzulayır. Guya bu adam gələcək Bakıya, İrandakı haqq mücadiləsinə dəstək verəcək. Ay verdi ha. Qəmlo necə demişdi: “Elə bilirsən xeyir gətirir, kərbəlayi, ay gətirdi ha... Qayıdanda döşünə bir orden də taxacaqlar, onun gücünə gəlir”. Bunların da burunlarına yenə para qoxusu dəyib. Yox, atam-atam, daha keçəl suya getməz. Gedin, pulunuzu başqa yerdə, başqa şeydən qazanın. 2000-ci illərdə gəldin neylədin ki, indi neyləyəsən? Məşq zallarında bədən şişirdib müxtəlif zadlarla məşğul olmaq mücadilə deyil. Deyirlər, rəhmətliklərin birindən soruşublar ki, bəy, axı, bunları Cənubda tanıyan yoxdur. O rəhmətlik də qayıdıb deyib ki, neyləyək bəy, olanımız budur! Bizə “neyləyək, olanımız budur”lardan çox zülm eləyib, zibilə salan olmadı, vallah. Hələ mən bu “olanımız budur”ların ötən illərdə nələrlə məşğul olmağından danışmıram. Qəribə mühacir həyatı sürürlər, vallah. İllərlə səssiz-səmirsiz qalır, elə ki, nəsə küy eşidir, başını çıxqadır ki, mən də varam! Üzr istəyirəm, ala, varsan!!!

Qısası, ağalar, şəhidlərin qanı, canı, qeyrətli vətən övladlarının əzizlərinin həyatı bahasına alınan, min-əzab əziyyətlə qorunub-saxlanan bu torpağı, Dövləti sizin kimi dəllalların kimlərəsə oynayan xırda maraqlarına, casus şəbəkələrinin qurduğu oyunlara qurban vermərik. Siz bu taylı, o taylı millətin dırnağı da ola bilməzsiniz və deyilsiniz! Gedin, “İran təranələri”ni başqa yerdə oynayın! Cənub da, biz də başımıza çarəni özümüz qılarıq! Oxuduğunuz yasini öz ölünüzə oxuyun!

İlham TUMAS