Zəngəzurda erməni təxribatının pərdəarxası - Paşinyan Rusiyanı da aldatdı
Azərbaycan hərbiçilərinin Zəngəzur istiqamətində 10 noyabr üçtərəfli bəyanatının bəndlərinə uyğun olaraq dövlət sərhədini bərpa etməsi ilə bağlı iki gündür səngimək bilməyən erməni hay-küyü getdikcə əndazəni aşır.
Noyabrın 12-si və 13-də Şuşada düz 32 il (1989) sonra keçirilən ilk Xarıbülbül Festivalı nəinki Xankəndindəki, İrəvandakı ermənilərin, hətta dünya ermənilərinin yuxusunu ərşə çəkdi, onları daha təhlükəli hala gətirdi. Necə ki, ən təhlükəli insan qorxaq insandır deyildiyi kimi. Elə buna görə, Ermənistanda parlament seçkilərinə bir aydan bir az artıq vaxt qaldığı bir müddətdə Nikol Paşinyan özü də bilmədən qaş düzəltdiyi yerdə göz çıxardı. Daha doğrusu Paşinyan nə etmək istədiyini özü də artıq anlamaz bir vəziyyət alıb. Azərbaycanın üçtərəfli bəyanata uyğun olaraq yerinə yetirdiyi delimitasiya və demarkasiya prosesindən Nikol Paşinyanın seçki öncəsi maksimum dividendlər əldə etməyə çalışdığı görünsə də siyasi naşılığı bir daha onu çətin duruma saldı, əsas rəqibi Köçəryana fürsət verdi.
Azərbaycan hərbiçilərinin delimitasiya prosesi ilə bağlı irəliləməsi və yeni mövqelər qurmasından isterikaya qapılan Paşinyan Təhlükəsizlik Şurasının iclasında "Azərbaycanın məqsədi Ermənistan ərazisində hərbi toqquşma yaratmaqdır. Mövqeyimiz aydındır və birmənalıdır - Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini tərk etməlidir" açıqlamaları ilə özü-özünü çətin duruma salmaqla yanaşı Rusiya kimi müttəfiqə açıq hörmətsizliyini də ortaya qoydu.
Bu məqamda daha bir məsəli xatırlamaq zərurəti ortaya çıxır: Uzunqulaq palçığa bir dəfə girər. Amma görünür 44 günlük müharibədəki ağır məğlubiyyət nə Nikola, nə də revanş hissindən əl çəkmək fikrində olmayan ermənilərə dərs oldu. Atəşkəsin əsas vasitəçisi olan Rusiya da bu erməni hay-həşirinin anaşılmaz olduğunu verdiyi reaksiyayla təsdiq etdi. Belə ki, II Qarabağ müharibəsinin gedişində olduğu kimi yenə telefonun başında mürgüləməyə başlayan Nikol Paşinyanın Azərbaycan hərbiçilərinin Ermənistan sərhəddini pozduqları ilə bağlı Rusiya dövlət başçısına və bir neçə gün öncə İrəvandan yeni qayıdan XİN rəhbəri Sergey Lavrova müraciəti eyni cavabla nəticələndi. Putin və Lavrov ayrı-ayrılıqda rəsmi İrəvana Üçtərəfli Bəyanatı yerinə yetirməyin vacibliyini xatırladıblar. Dolayısı ilə rəsmi Moskva İrəvanı aranı qarışdırmaqdan, təxribatdan əl çəkib üçtərəfli birgə bəyanatın şərtlərini yerinə yetirməyə dəvət edib. Lakin hər vəchlə Rusiyanı prosesə müdaxilə etmək cəhdləri fiaskoya uğrayan Paşinyanın bu yalvar-yaxırı bir nəticə verməyincə rəsmi Moskvanın rəhbəri olduğu KTMT-ni prosesə müdaxilə planını işə saldı. Heç kəsə sirr deyil ki, KTMT-nin üzvü olan marionet dövlət Ermənistanın da sərhədlərinə Rusiya nəzarət edir. Başqa sözlə, faktiki olaraq Ermənistan sərhədi Rusiyanın nəzarətində, KTMT-nin himayəsindədir. Əgər sərhəddə hər hansı gərginlik varsa, bunu da Rusiya sərhədçiləri ilə Azərbaycan Ordusu müzakirə edir və sərhəd delimitasiyasını aparırlar. Rusiya çox yaxşı anlayır ki, regionda sülh və təhükəsizlik üçün ilk növbədə üçtərəfli bəyanatın şərtləri icra edilməlidir. Nikol Paşinyan həmin ərazilərin Azərbaycana məxsus olduğunu, Azərbaycan Ordusunun GPS və xəritələrlə davrandığından yaxşı xəbərdardır. Görünür Rusiya və KTMT də Paşinyana məhz bunu çatdırıb.
Eyni zamanda Rusiya Paşinyanın növbəti yalanının şahidi oldu. Təxminən bir həftə əvvəl İrəvana səfər edən Lavrov Paşinyandan regionun sülh və təhlükəsizliyi üçün vacib hesab edilən açıqlamalarını eşitdi. Paşinyan bu görüş zamanı rəsmi İrəvan Qarabağla əlaqədar üçtərəfli bəyanatın icrası ilə bağlı bütün səyləri göstərməyə, 10 noyabr bəyanatı ilə bağlı razılaşmaları yerinə yetirməyə hazır olduqlarını bildirməklə kommunikasiya yollarının açılması ilə ölkənin blokadadan çıxmasının Ermənistan üçün prioritet məsələ olduğunu az qala rəsmi Moskvaya inandırmışdı ki, üzərindən cəmi 5 gün sonra bütün ümidlərin üstündən növbəti dəfə xətt çəkdi. Rusiya bir daha anlamağa başladı ki, Nikol Paşinyan erməni lobbisinin digər sələflərindən fərqli olaraq daha çox təsir imkanına malik olduğu Co Baydenin hakimiyyətinə istiqamət alıb. Ermənistan rəhbərliyinin ardıcıl müraciətlərindən sonra ABŞ Xarici İşlər Nazirliyinin bəyanatında Azərbaycanın Ermənistanla sərhəddəki hazırkı hərəkətlərini təxribat hesab edərək buna son qoyulmasını tələb etməsi və ABŞ Dövlət Departamentinin Vaşinqtonun Azərbaycanın bütün qoşunlarını dərhal Ermənistanla sərhəddən çıxaracağını və təxribatlardan imtina etməsini gözlədiyini açıqlaması ən azı rəsmi Bakı qədər Rusiyanın da diqqətini çəkən məqama çevrilə bilər. Bu bəyanatlar eyni zamanda Rusiyanın vasitəçisi olduğu üçtərəfli bəyanata, Rusiyaya qarşı təzyiq vasitəsi də hesab edilə bilər.
Rəsmi İrəvanın ilk olaraq Kremldən əl açıb yardım dilənməsi, Rusiyaya qarşı oyunu pərdələmək siyasətindən başqa bir şey deyil. Paşinyan yaxşı anlayırdı ki, delimitasiya işinə nəzarət Rusiyanın da imzası olan sənədin əsas prosesidir və rəsmi Moskva öz imzaladığı sənədə hörmətsizlik etməyəcək. Paşinyanın bu cəhdi də heç bir nəticə verməsə də, əslində oyununa yarıdı. Bu məqamda Amerika, Fransa amili ortaya çıxdı. Heç kəsə sirr deyil ki, Ermənistan Fransa üçün fövqəldövlət halını alıb. O Fransa ki, ATƏT-in Minsk Qrupunun üç həmsədr üzvündən biri kimi uzun illər Qarabağ münaqişəsinin həll edilməsi üçün heç bir fəallığının şahidi olmadıq, əvəzində II Qarabağ müharibəsində illərdir içlərində bəslədikləri bir erməni sevdasını qusdular.
Ermənistan rəsmilərinin Lavrov və Putinə zənglərin ardından Fransa Prezidenti Makrona da telefon açaraq Azərbaycan Ordusunun guya Ermənistan sərhədinə müdaxilə etdiyini bildirəcəyi əslində gözlənilən idi. Bu telefon danışığında Ermənistanın ərazi bütövlüyünə bağlılığını dilə gətirən Makron, eyni zamanda ənənəvi simasını nümayiş etdirərək hadisənin mahiyyətini bildi-bilmədi "Təcili sürətdə Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması gərəkdiyini" sözləri ilə mövqeyini ortaya qoyub. Makron BMT TŞ vasitəsilə sərhəddə sabitliyin və təhlükəsizliyin təminatına ümid bəslədiyini də vurğulayıb. Bəs özünü Azərbaycan-Ermənistan sərhəddində sabitliyin və təhlükəsizliyin təminatçısı kimi göstərmək istəyən Makron keçən ilin iyul ayında ermənilərin cəbhə zonası olmayan Tovuzla sərhəddə törətdikləri təxribatlar zamanı harada idi?
Ötən gün Ermənistan parlamentinin iclasında Paşinyan bildirib ki, "prioritetimiz məsələnin danışıqlar yolu ilə həllidir. Ermənistan danışıqlar aparır, lakin bu o demək deyil ki, digər variantlara üz tutulmayacaq". Bu cümlələrlə faktiki olaraq Azərbaycanı təhdid edən Nikol onu da qeyd edib ki, Sünik (Zəngəzur) məsələsini həll etmək üçün Fransa hərbi yardım göstərməyə hazırdır. O, bu yardımın BMT mandatı çərçivəsində verilə biləcəyini sözlərinə əlavə edib.
Ümumilikdə son 2 gün ərzində rəsmi İrəvan Rusiya, Fransa, ABŞ, Latviya, İran kimi ölkələrin rəhbər və rəsmi şəxslərinə zəng edərək Qaragöl ətrafındakı məsələ ilə bağlı Azərbaycana təzyiq etmələrini yalvardı. Lakin Azərbaycan fikrində qətidir və rəsmi Bakını heç bir qüvvə bir addım da olsun geri çəkilməyə məcbur edə bilməyəcək. 44 gün haqq savaşı verərək torpaqlarını işğaldan azad edən Azərbaycan postkonflikt dövründə də öz sərhədlərini bərpa etməkdə davam edir və tərəfimizdən hər hansı bir təxribatdan söhbət gedə bilməz. Çünki Laçın rayonu işğal olunanda Qaragöl deyilən ərazi də ermənilər tərəfindən işğal edilmişdi. Ermənilər Azərbaycan ərazilərini işğal etdikdən sonra həmin gölün də adını dəyişmişdilər. Rəsmi İrəvan anlamalıdır ki, hansısa dövlətin, hansısa beynəxlaq təşkilatın, qurumun Azərbaycana qarşı yaydığı bəyanat bizi haqq yolumuzdan, ərazi bütövlüyümüzün təmin olunması istiqamətində görülən işlərdən çəkindirə bilməyəcək. Nəyin bahasına olursa olsun, biz sərhədlərimizi bərpa edəcəyik. Bu gün biz SSRİ-dən qalma sərhədlərimizi GPRS vasitəsilə müəyyənləşdirərək bərpa edirik. Azərbaycan bir qarış da toprağını düşmənə bağışlamaq fikrində deyil. Bu proses üçtərəfli bəyanatın diqtə etdiyi şərtlər daxilində davam edir və sərhədlərin delimitasiya, demarkasiyası qaçılmazdır. (milli.az)