İlham Əliyev iki fərman imzaladı



 16:21 26.05.2023     322

Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi təsdiqlənib.

Demedia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Nizamnaməyə görə Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Laçın və Kəlbəcər rayonlarına əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Xidmət ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Xidmət bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

Xidmətin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, üzərində öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

Xidmət Laçın şəhərində yerləşir.

Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

müvafiq əraziyə əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil etmək;

müvafiq ərazidə tikintisini təşkil etdiyi çoxmənzilli binaları, həmin binalardakı mənzillər sakinlərə tam təhvil verilənədək, müvəqqəti idarə etmək;

müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, kommunal təsərrüfatı idarə etmək;

müvafiq ərazidə abadlaşdırma və yaşıllaşdırma işlərini təşkil etmək;

müvafiq ərazidə yerləşən, ümumi istifadədə və balansında olan şəhər avtomobil yollarının idarə olunmasını, təmirini, saxlanılmasını, qorunmasını təşkil etmək və onların vəziyyətinə nəzarət etmək.

xxx

Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılır.

Demedia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Eyni zamanda sənədlə Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi təsdiq edilib.