Ordumuz İrəvana qədər də getsə, KTMT qarışmayacaq - Video



 12:07 16.05.2021     180

Ermənistanın Zəngəzurdakı vəziyyətlə bağlı KTMT-yə rəsmi müraciət ünvanlamasının heç bir mahiyyəti yoxdur. Onsuz da təşkilat prosesin əsl mahiyyətini bilir. Ermənistanın ərazisinə qarşı hər hansı bir işğal cəhdi yoxdur. Rəsmi Bakı SSRİ dövründəki Ermənistan-Azərbaycan dövlət sərhədini bərpa edir.

Bu sözləri Nexeber.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Ermənistanın Zəngəzurdakı vəziyyətlə bağlı KTMT-yə rəsmi müraciət ünvanlamasını şərh edərkən deyib.

O bildirib ki, hazırda Ermənistan-Azərbaycan dövlət sərhədi bərpa edilir və bu, beynəlxalq hüquqa uyğun olaraq tarixi xəritələr və ən yeni texnologiyalar əsasında aparılır:

“Ermənistan istədiyi qədər bu prosesi işğal olaraq dünya ictimaiyyətinə çatdırıb, süni ajiotaj və gərginlik yarada bilər. Ancaq hüquqi olaraq rəsmi Bakı haqlıdır.

Ermənistanın Zəngəzurdakı vəziyyətlə bağlı KTMT-yə rəsmi müraciət ünvanlamasına gəldikdə isə deyə bilərəm ki, bunun heç bir nəticəsi olmayacaq.

Birincisi, KTMT-yə üzv olan ölkələrin əksəriyyəti Azərbaycanla münasibətləri yüksək səviyyədə olan dövlətlərdir. Yəni bu ölkələr real vəziyyəti çox dəqiq bilirlər və Ermənistanın informasiya təbliğatına qarşı Azərbaycandan dəqiqləşmələr aparmaq imkanındadırlar. Həmçinin bu ölkələr bilir ki, rəsmi Bakı heç bir ölkənin ərazisinə qanunsuz müdaxilə etməz. Yəni indiki halda təşkilata üzv ölkələr Ermənistan lehinə bir qərar verməyəcək”.

F.Mehdiyevin sözlərinə görə, Ermənistanın bu addımları zəbt etdiyi torpaqları əlində saxlamaq kimi dəyərləndirilə bilər:

“BMT-nin zəruri müdafiə hüququna görə, bir ölkə digər ölkəyə işğal məqsədli hücum edərsə, hücuma məruz qalan ölkə düşmən kapitulyasiya imzalayana qədər müharibəni davam etdirə bilər. Yəni Ermənistanın bu addımları Azərbaycanı İrəvana qədər hərbi əməliyyatları davam etdirməyə sövq edə bilər. Əvəzində isə KTMT münaqişəyə qarışmaz, çünki bu, işğal məqsədilə deyil”.