Prezident simpozium iştirakçılarına müraciət ünvanladı



 14:57 17.06.2023     322

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb.

Demedia.az xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli simpozium iştirakçıları!

Sizi xaricdə yaşayan azərbaycanlı həkimlərin birinci simpoziumunun ölkəmizin paytaxtında öz işinə başlaması münasibətilə ürəkdən salamlayır, insanların sağlamlığının qorunması naminə fəaliyyətinizdə hər birinizə müvəffəqiyyətlər arzulayıram.

Bu ilk simpoziumun Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən yubiley tədbirləri çərçivəsində təşkili ona dərin rəmzi məna qazandırır. Azərbaycanın səhiyyə infrastrukturunun tamamilə yenilənməsi və müasir əsaslar üzərində qurulması məhz Ulu Öndərin adı ilə bağlıdır.

Ötən müddətdə uğurla gerçəkləşdirilmiş işlərin davamı olaraq səhiyyənin inkişafı bu gün də dövlətimizin sosial yönümlü siyasətinin prioritetlərindəndir. Respublikamızın regionlarında yeni-yeni diaqnostika mərkəzləri və şəfa ocaqları istifadəyə verilmiş, səhiyyə müəssisələri qabaqcıl texnologiyalara əsaslanan tibbi avadanlıqlarla təchiz edilmiş, əhalinin sosial müdafiəsinin başlıca tərkib hissəsi kimi həyati əhəmiyyətə malik icbari tibbi sığorta tətbiq olunmuşdur. Son illərdə təbabətin aktual məsələlərinə dair beynəlxalq səviyyəli konfrans və görüşlərə ölkəmizin ev sahibliyi etməsi isə Azərbaycan səhiyyəsinin qlobal səhiyyə sisteminə inteqrasiyasına əlverişli zəmin yaratmışdır.

Qürurverici haldır ki, Azərbaycan tibb təhsilinin və elminin yetirdiyi yüzlərlə həmvətənimiz dünyanın müxtəlif guşələrində ən mötəbər klinikalarda çalışır və yüksək peşəkarlıqları ilə seçilərək xalqımızı layiqincə təmsil edirlər. Onlar ölkəmizin hüdudlarından çox-çox uzaqlarda olsalar da, qəlbləri daim doğma Azərbaycanla döyünür. Qırx dörd günlük Vətən müharibəsi zamanı könüllü şəkildə ön cəbhəyə yollanan ağ xalatlı qəhrəmanlarımızın simasında bu, bir daha təsdiqini tapdı.

İştirakçısı olduğunuz simpozium təbabətin ayrı-ayrı sahələrindəki yeniliklərin paylaşılması və xaricdə məskunlaşmış həkim soydaşlarımızın öz nəzəri və təcrübi bilikləri ilə Azərbaycan səhiyyə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlərə yüksəkixtisaslı tibbi kadrlarımızla birgə töhfələr vermələri üçün potensial imkanların üzə çıxarılması məqsədi daşıyır.

Ümidvaram ki, simpoziumda tibb elminin çağırışları işığında innovativ metodlardan istifadəni nəzərdə tutan geniş fikir, təcrübə mübadiləsi və dolğun müzakirələr aparılacaq, qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri müəyyən ediləcəkdir.

***

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumun iştirakçılarına müraciət ünvanlayıb.

Demedia.az xəbər verir ki, müraciəti Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.