“Ermənilərlə toqquşma olacaq, ordumuz antiterror əməliyyatı keçirəcək”
Ermənilər yenidən təxribata əl atacaq və ordumuz antiterror əməliyyatı keçirmək məcburiyyətində qalacaq.
Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, yenidən toqquşmaların olması gözlənilir:
"Məntiqi olaraq istərdik ki, Nikol Paşinyan Ermənistandakı seçkilərdə qələbə qazansın və baş nazir vəzifəsini icra etməyə davam etsin. Çünki o, iki bəyanata imza atıb. Reallığı anlayır ki, imza atıbsa, yerinə yetirmək məcburiyyətindədir. Lakin hadisələrin gedişatı göstərir ki, partiyası birinci olsa da, toplanan səslər ona təkbaşına hökumət formalaşdırmağa kifayət etməyəcək. Seçkidən sonra koalisyon hökumət qurulmalıdır. Buna görə də Ermənistanda keçirilən seçkilərdən sonra siyasi xaos davam edəcək. Ümid etməyək ki, yeni hökumət bağlanmış bəyanatı yerinə yetirəcək. Onlar yenə təxribatlara əl atacaqlar. Biz buna da hazır olmalıyıq. Müharibə olmasa da, toqquşmalar, təxribatlar ola bilər. Bu səbəbdən məcbur qalıb antiterror əməliyyatları həyata keçirə bilərik".