31 nəfərin Ermənistana təxliyə olmasına yardımçı olduq - BQXK
5 və 26 iyun tarixlərində biz humanitar neytral vasitəçi rolunda çıxış edərək, tibbi yardıma ehtiyacı olan 31 nəfərin Ermənistana təxliyə olmasına yardımçı olduq. Biz tibb müəssisələrinə 80 ton dərman və digər ləvazimatlar da çatdırdıq.
Demedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) məlumat yayıb.
Məlumatda deyilir: "Tibbi yardıma ehtiyacı olan insanlara kömək etmək, səhiyyə müəssisələrini dəstəkləmək və ailələri birləşdirmək üçün imkanların olması çox vacibdir. 2022-ci ilin dekabr ayından bəri biz, 520-dən çox pasientə kömək edə bilmişik. Biz həmçinin, 600-ə yaxın insanın ailələri ilə qovuşmasına dəstək vermişik, tibb müəssisələri üçün uşaq qidaları, ərzaq bağlamaları və dərman ləvazimatları da çatdırmışıq. Biz bu xidmətlərimizi davam etdirməyə hazırıq".