Prezident İlham Əliyev: Ermənilər yalnız keçmişdən danışır, biz isə gələcək haqqında düşünürük



 13:57 21.05.2021     523

Ermənistan hökumətinin ən böyük səhvi və problemi ondan ibarətdir ki, onlar yalnız keçmiş haqqında danışırlar. Bir çox hallarda bu keçmişlə oyun oynayır, siyasi məqsədlər üçün istifadə edir, siyasi divident qazanmaq üçün özlərini təcavüz qurbanı kimi göstərməyə çalışırlar. Əslində, onlar əksər hallarda sıfırdan yaratdıqları tarixdən sui-istifadə edirlər.

Nexeber.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı müzakirələrdə səsləndirib.

"Onlar gələcək haqqında düşünmürlər. Biz gələcək haqqında düşünürük. Bəli, biz işğala məruz qalmışıq. Bir milyon insan evsiz qalıb. İqtisadiyyatımız tamamilə dağılıb. Amma gələcək, doğma torpaqlarımıza, Qarabağ torpağına qayıdacağımız haqqında düşünürdük. Bunun üçün hər şey etdik. Müharibədə məhz bu cür qalib gəldik. Əsas amil bu idi. İndi onlar gələcək haqqında düşünməlidirlər. Keçmiş haqqında fikirləşməli, bu məsələlərdən sui-istifadə etməli deyillər. Lakin hesab edirəm ki, gələcək toplantılarımızın birində, ola bilsin növbəti Forumun mövzularından biri postmünaqişə vəziyyəti ola bilər. Çünki bu, çox çətindir. Biz bu vəziyyətdə olmamışıq. Bu, yeni vəziyyətdir. Bu, Ermənistan üçün yenidir. Bu, dünya üçün yenidir", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Dövlətimizin başçısı deyib ki, yeni tarixdə baş verənlərə oxşar halı tapmaq çox çətindir: "Uzun illərdən sonra 44 gün ərzində ərazi bütövlüyünü bərpa etmək, Şuşa qalasında bayrağı ucaltmaq, elə bir şəhərdə ki, onu götürməyi, əlbəyaxa döyüşlə şəhəri götürməyi təsəvvür etmək belə çətin idi. Bir sözlə, yekun olaraq, Ermənistan nümayəndələrinin də bəzi tədbirlərdə necə iştirak edəcəyi və öz mövqeyini müdafiə etmək üçün fikir söyləyəcəyi barədə düşünməliyik və mən bu düşüncələri dəyərləndirərdim. Hesab edirəm ki, bu, çox faydalı olardı".