Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırlaşır?
Mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda keçirilən müzakirələri Prezident İlham Əliyevin ona ünvanlanan suallara verdiyi cavablar fonunda regionun gələcək inkişafının necə ola biləcəyini bütün dünyaya bəyan etdi.
Bu mərkəzdə Avropanın 23 ölkəsindən, Asiyanın 12 ölkəsindən və ABŞ daxil olmaqla Amerika qitəsininn 2 ölkəsindən üzvlər təmsil olunurdu. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanın verdiyi mesajların dünyaya çatdırılması üçün mühüm bir platforma oldu. Bu mərkəz vasitəsilə Azərbaycanın ən mühüm mesajı bu oldu ki, rəsmi Bakı Ermənistanla sülh sazişi imzalamağa hazırdır. Azərbaycan dövlət başçısının xüsusilə bu istiqamətdə etdiyi açıqlamaları bütün qlobal informasiya resuruslarında, dünya sisyasətini təyin edən analitik mərkəzlərin müzakirə predmetinə çevrilməyi bacardı. Azərbaycan Prezidentinin regionun gələcəyi ilə bağlı verdiyi mühüm mesajlardan biri Latviyanın sabiq Prezidenti Valdis Zatlersin "Siz bir gün Ermənistan ilə Azərbaycan arasında hərtərəfli sülh sazişinin, ola bilsin regionun bütün ölkələri ilə təhlükəsizlik sazişinin olacağını təsəvvürünüzə gətirə bilərsinizmi?" sualına cavabı oldu ki, Azərbaycan dövlət başçısının bu mesajı erməni sosial şəbəkə istifadəçilərini bir-birinə vurdu.
Prezident İlham Əliyevin "Mən tamamilə əminəm ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi mümkündür. Bundan əlavə, sizə deyə bilərəm ki, nisbətən qısa müddətdə buna nail olmaq da mümkündür. İndi çatışmayan məsələ Ermənistan tərəfindən siyasi iradənin olmamasıdır" sözlərindən sonra ermənilər yenidən təlaşa düşdülər. Dövlət başçısının bu açıqlamasından dərhal sonra erməni KİV-i xalqı İrəvandakı Azadlıq meydanına çağırdı və qısa müddətdə mərkəzi küçələrdə eirazçıların sayı sürətlə artmağa başladı. Paşinyan Azərbaycan Prezidentinin sözünü yerinə yetirib, Azərbaycanın ərazi bütövlüyünü (Qarabağ daxil) tanıyacağından qorxan həmin kütləni əslində manipulyativ çıxışların qurbanları da hesab etmək olar.
Təəssüflər olsun ki, Ermənistanda bəzi qüvvələr son xilas yollarının məhz Azərbaycanla mehriban qonşuluq münasibətlərindən keçdiyini düşünmək əvəzinə, revanşist meyilləri ilə nəyin bahasına olursa olsun parlament seçkilərində səs qazanıb istədikləri namizədi kürsüdə oturtmaq üçün xalqa həqiqəti çatdırmaq əvəzinə prosesləri təhrif etmək yolundadırlar.
Dövlət başçısının Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müzakirələrindəki "Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləməyə hazırdır. Biz ümid edirik ki, Ermənistanda seçkilərdən sonra bu məsələ ilə bağlı daha çox aydınlıq olacaq. Sülh sazişi hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur və biz bunu etməyə hazırıq" açıqlamasından belə qənaətə gəlmək olar ki, Ermənistandakı mövcud Paşinyan hökuməti pərdəarxası danışıqlarda Azərbaycanla razılığa gəlmək niyyətindədir. Şübhəsiz ki, 4 həftə sonra Ermənistanda baş tutacaq seçkilərin Ermənistan-Azərbaycan arasında yekun sülh prosesi üçün vacib əhəmiyyətə malikdir. Ermənistanda hazırda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın hakimiyyətdə qalması Azərbaycanımn diqtə etdiyi yekun sülh prosesini daha da sürətləndirə bilər.
Dövlət başçısı açıqlamasının ardında bir daha bəyan etdi ki, Azərbaycan açıq şəkildə Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır və sözsüz ki, Ermənistan da öz növbəsində Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu konfrans iştirakçılarının diqqətinə çatdıran Prezident İlham Əliyev, bu məsələnin həmişə belə olacağını bildirib. Prezident bunun üçün də sülh sazişi üçün ilk növbədə ermənilərin Dağlıq Qarabağın statusu haqqında bütün səylərdən vaz keçmələrini, revanşist iddialardan əl çəkmələrini əsas şərt hesab edib. Dağlıq Qarabağın statusunun sülh danışıqları yolunda bir daha müzakirə predmeti olmadığını dilə gətirən Prezident, hazırda rus sülhməramlılarının nəzarəti altındakı ərazidə yaşayan ermənilərin də Azərbaycan vətəndaşları olduğunu deyib. Dövlət başçısı həmin insanları işğalçılıq ambisiyalarından əl çəkməyən xəstə ideologiyanın əsiri olan erməni təbliğatı tərəfindən beyinləri yuyulmuş vətəndaşlarımız adlandırıb.
Regionda daimi stabillik və qalıcı sülh əldə edilməsi, ölkələr arasında iqtisadi əlaqələr qurulması və ən əsası Azərbaycan və Ermənistan arasında ərazi iddialarının aradan qalxaraq tərəflərin bir-birinin ərazisini beynəlxalq hüquq çərçivəsində tanıması üçün Azərbaycanda kifayət qədər iradə mövcuddur və regionda qalıcı sülhün əldə edilməsi üçün Azərbaycan tərəfi dövlət maraqlarını qoruma şərti ilə bu addımları ata bilər. Bəs rəsmi İrəvan buna hazırdırmı?
Prezident İlham Əliyev mərkəzin konfransında "Hesab edirəm ki, Ermənistanda parlament seçkiləri keçirələnədək gözləmək lazımdır və biz bu dövrün Ermənistanda həssas bir dövr olduğunu anlayırıq" açıqlaması ilə postkonflik dövrünün ən həssas bir məqamında qarşı tərəfə növbəti humanizm dərsi keçib.