Ağdam yolunda Xankəndiyə ərzaq aparan Azərbaycan karvanı... - Ermənilər gözləyir



 11:48 21.07.2023     343

Qalib Azərbaycanın erməni vətəndaşları. İlham Əliyev onları hər şeylə təmin edəcək.

Demedia.az Publika.az-a istinadən 
 xəbər verir ki, erməni jurnalist Edik Andreasyan Qarabağdakı mövcud vəziyyətdən və Azərbaycanın Bərdə-Ağdam-Xankəndi marşrutu ilə təminat təklifindən bəhs edən məqalə qələmə alıb.

Məqalə Paşinyan hakimiyyətinin tənqidinə yönəlsə də, bəzi məqamları, xüsusilə Qarabağdakı erməni əhalisinin reallıqda nə düşündüyünü ortaya çıxarmaq baxımından maraqlıdır.

Erməni jurnalist yazır ki, problem Qarabağda erməni əhalisinin təminatıdırsa, Azərbaycan bunu Ağdam-Xankəndi yolu ilə həll etməyə hazırdır: “Ermənilər Ağdamdan təminatın gəlməsi haqda artıq pıçıldaşırlar. Şarl Mişelin Bərdə-Ağdam-Xankəndi marşrutu ilə bağlı təklifinin əslində reinteqrasiya olduğunu anlamırlar. Bunu yəqin Ağdam yolunda ərzaq və digər təlabat mallarının yükləndiyi Azərbaycan karvanını görəndə anlayacaqlar. Hər şey gətirəcəklər, pulsuz. Qalib Azərbaycanın qürurlu erməni vətəndaşları, gətirilən hər şey sənindir.

İlham Əliyev sizi hər şeylə təmin edəcək. Qarabağda olan bir dostumla danışıram. Mənə yazır ki, indi əsas məsələ təminatın həll edilməsidir, qalan şeylər – “öz müqəddəratını təyinetmə”, “müstəqillik” haqda sonra da düşünmək olar. Əslində bütün bunlar mövcud reallığı əks etdirir.

Məsələ ondadır ki, 1988-ci ildəki vəziyyət bir daha təkrarlanmayacaq. 1988-ci ildə “Dağlıq Qarabağ muxtar vilayəti”, onun regional “hakimiyyəti”, qərarlar qəbul edən “orqanları” var idi. Bu gün isə heç nə yoxdur. “Parlament” və “hökumət” qanundankənar elan edilib, Araik Arutyunyan və digərləri Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib”, - erməni jurnalist yazır.

Edik Andreasyan qeyd edir ki, Ağdam-Xankəndi yolu açılandan sonra əsas sual gündəmə gələcək: Laçın yolunu belə aça bilməyən rus sülhməramlılarının Qarabağda nə işi var?

“Bu məsələni İlham Əliyev yox, Nikol Paşinyan, Araik Arutyunyan və digərləri qaldırır”, - erməni jurnalist bildirir.