Erməni əsgərlərin sərhəddə atəş açması VİDEOSU...



 16:23 26.05.2021     709

Erməni əsgərlərin sərhəddə azərbaycanlı hərbçilərə qarşı aqressiv hərəkəti və göyə atəş açmasını əks etdirən video ciddi rezonans doğurub.

Elə erməni blogerlərin istəyi də budur: daxili auditoriyada ölən erməni ruhunu ECMO aparatına qoşmaq, eyni zamanda qarşı tərəfdə qıcıq yaratmaq, sərhəddə vəziyyəti gərginləşdirmək və KTMT-yə müraciət imkanı qazanaraq, sərhədlərin demarkasiya və delimitasiya prosesini dondurmaq, 30 illik işğal zamanı dövlət sərhədini irəli çəkərək, zəbt etdikləri əraziləri bir neçə il də işğalda saxlamağa fürsət qazanmaq!

Videodan görünən bunlardır:

- Azərbaycanın həqiqi hərbi xidmətə çağırış yaşında olan çox gənc, eyni zamanda cəmi 4-5 əsgərinə qarşı yaşlı və muzdlu, çoxsaylı ermənilərin aqressiyası

- Azərbaycan əsgərinə qarşı aşağılayıcı cəhdlər

- Havaya atəş açılması, gərginlik yaradılması çağırışları, özbaşınalıq...

Əslində bu videonun yayılması Azərbaycana hazırkı məqamda ciddi informasiya üstünlükləri verir. Yəni:

1. Ermənilər sərhəddə başıpozuq dəstə kimi fəaliyyət göstərir;

2. Sərhəddə havaya atış açmaq “ənənəsini” erməni əsgərlər özləri yaradıb;

3. Erməni əsgərlər çox olduqda mütləq gücə və işğala əl atırlar.

Bu 3 fakt Ermənistanın ötən gündən başladığı təbliğatı və KTMT nizamnaməsinin 4-cü bəndi ilə müraciət imkanlarını büsbütün darmadağın edir. Video təsdiqləyir ki, Azərbaycan ordusu yalnız sərhədlərini başıpozuq dəstədən xilas etmək üçün adekvat addımlar atmağa məcbur olub.

Videonu tez-tələsik təkzib etməyə, Ordumuzun güclü olduğu barədə daxili auditoriyaya mesajlar vermək üçün əl-ayağa düşməyə qəti ehtiyac yoxdur. Yalnız Azərbaycan xalqı deyil, bütün dünya 44 günlük savaşda Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördü və indi də görür. Hələ Ordumuzun deyil, DTX-nın 11 dekabrda az qüvvə ilə cəmi bir neçə saat müddətində həyata keçirdiyi antiterror əməliyyatının altından Ermənistan 6 aydır çıxa bilmir, Bakıya gətirilən erməni terrorçuların sayını isə İrəvan hələ də sayıb qurtara bilməyib.

Bu baxımdan videonun yanlış ictimai təsirindən əndişələnmək üçün səbəb yoxdur və yaxud olmamalıdır.

Əksinə, bu video tirajlanmalı, KTMT-yə göndərilməli, dünya mediasına çıxarılmalı və Azərbaycan Ordusunu adekvat tədbir görməyə vadar edən səbəb kimi hər kəsə göstərilməlidir.

Zatən, Azərbaycan Ordusu atəş açmaq istəsə, bu videoda görünən mənzərədə açardı. Çünki bundan ideal şərait ola bilməzdi. Buna baxmayaraq, Ordumuz düşmənin təhrikçi addımlarına sərt cavab verməyib, əvəzində daha çox qüvvəni əraziyə göndərməyə və çaqqalların toplaşıb aslanlara hücum etməsinə imkan verməyib – vəssalam!

Və sübut olunmalıdır ki, 25 mayda 1989-cu il təvəllüdlü Q.Xurşudyanın güllə yarasından ölməsinin Azərbaycan Ordusuna heç bir dəxli yoxdur.

Necə ola bilər ki, 24 və 25 mayda Ermənistan ordusunun daha iki əsgəri ölür və onların ölümü “silahla ehtiyatsız rəftar etmədən” baş verir, ancaq üçüncü ölüm Azərbaycan əsgərinin açdığı atəşlə əlaqələndirilir?

Bu video sübut edir ki, indi Ermənistanın təbliğata çevirdiyi Xurşudyanın ölümünün də səbəbi, 24 və 25 mayda ölən Ovannisyanlar kimi, fərqlidir. Ermənistan MN yenə xalqına yalan danışmaqda, yenə xalqını aldatmaqdadır; yenə işğal və hakimiyyət hərisliyi ilə erməni əsgərlərini Azərbaycan Ordusunun qabağına atmaqda və məhvə sürükləməkdə davam edir!

Daxili auditoriyaya oynamaq - siyasəti, iqtisadiyyatı darmadağın olan, ordusu məhv olmuş Ermənistana hava-su kimi lazımdır, Azərbaycana deyil!

axar.az