İrəvan xanının varisi: “Doğum günümə ən yaxşı hədiyyə Naxçıvanda..."
“Doğum günümə ən yaxşı hədiyyə Naxçıvanda, İrəvanın sərhədində Ağrı dağına baxmaq oldu”.
Demedia.az xəbər verir ki, bunu İrəvan xanının varisi Əmir Əli Sərdar İrəvani bildirib.
“Fürsətdən istifadə edib, İrəvanın və Naxçıvanın Azərbaycandan ayrı düşməsindən danışmaq istəyirəm. Naxçıvan Azərbaycanın qalan hissəsindən təcrid olunub. Təyyarə ilə bura gələrkən İrəvanın və Göyçə gölünün üzərindən uçurduq və səmadan ata yurduma baxırdım. Çox gözəl, eyni zamanda üzücü mənzərə idi. Təəssüf ki, buraya ancaq təyyarə ilə gəlmək mümkündür. Məsələn, Arazdan başqa bəzi tərəfləri də görmək istəyirdim. Mən bura Zəngəzur dəhlizi ilə gəlmək üçün fürsət axtarırdım. Bu mümkün olmadı. Bu dəfə təyyarə ilə gəldim, bəlkə növbəti dəfə qismət olar”, - İrəvan xanının varisi vurğulayıb.
O, İrəvana bir neçə dəfə ermənilər tərəfindən dəvət olunduğunu bildirib:
“Əlbəttə, İrəvana getmək yaxşı olardı. Amma ata-babalarımın viran qalmış yurdlarını görmək mənim üçün çox çətin olardı. Ona görə də doğum günümə ən yaxşı hədiyyə burada Naxçıvanda, İrəvanın sərhədində Ağrı dağına baxmaq oldu. Mən əcdadlarıma necə yaxın olduğumu hiss etdim. Təsəvvür edə bilmirəm ki, bir vaxtlar əcdadlarım orada at çapıb, düşmənləri ilə vuruşublar. Burada olmaq gözəl hissdir”.