Ermənistanı məhvə aparan qərar - Azərbaycan bunu bağışlamayacaq



 13:55 27.05.2021     478

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi rəqiblər arasında mübarizə də qızışır. Seçkidə divident qazanmaq istəyən partiyalar, bloklar, qüvvələr bunun üçün "ən yaxşı" seçim olaraq Azərbaycanla sərhəddəki gərginlikdən yararlanmağa çalışırlar. Lakin təəssüf ki, Ermənistan hökumətinin ən böyük səhvi və problemi ondan ibarətdir ki, onlar yalnız keçmiş haqqında danışırlar, bundan siyasi məqsədlər üçün istifadə edirlər, siyasi divident qazanmaq üçün özlərini təcavüz qurbanı kimi göstərməyə çalışırlar. Əslində isə onlar əksər hallarda sıfırdan yaratdıqları tarixdən sui-istifadə edirlər.

Zəngəzurda və Laçın istiqamətində sərhəd xəttində baş verən son olaylar göstərdi ki, Ermənistan üçün nə qonşuluq, nə də ədalətlilik prinsipi mövcuddur. Ermənilərin Gədəbəy və Kəlbəcər istiqamətində atəşkəsi pozmaqları Azərbaycanı anti-terror əməliyyatına dəvətdir. Lakin buna kimi ilk reaksiya Rusiyayanın bölgədə yerləşdirilən sülhməramlı kontingentindən gəlməli idi, Qarabağdakı separatçıların əl-ayağını yığışdırmayacaqları təqdirdə, rəsmi Bakı özü bu təxribatlar barədə lazımı ölçü götürəcək. Necə ki, götürdü. 

Belə ki, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib. Düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq ələ keçirilib. 

Sərhəddə vəziyyət gərginləşməkdə davam edərsə, müharibə ehtimalı arta bilər ki, bu da Ermənistanda parlament seçkilərinin təxirə salınması ilə nəticələnə bilər. Ermənistanın daxilindəki bəzi qüvvələrin sərhəddə vəziyyətin gərginləşməsində, toqquşmaların başlamasında maraqlı olduqlarını Nikol Paşinyan özü də yaxşı anlayır. Onlar bu yolla Paşinyanın sonunun gələcəyini düşünürlər. Lakin düşünmürlər ki, onların bu təxribatları Ermənistanın varlığını təhlükə altına qoymaqda davam edir. Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın az öncə yekunlaşan hökümət iclasında Azərbaycan tərəfinin 6 erməni diversantını mina basdırarkən ələ keçirməsi faktını təsdiqləməsi isə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatda coğrafi koordinantları açıq qeyd edilən (40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″) ərazilərdə dolayısı ilə təxribat cəhdini etiraf etmiş oldu.  

Son vaxtlar Paşinyan xüsusi ilə Rusiyadan və KTMT-dən narazılığını açıq dilə gətirməyə başlayıb. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını sərt tənqid edərək onları proseslərə seyrci qalmaqda ittiham etsə də, son prosesləri bəlkə də heç vaxt olmadığı qədər yaxından izləyən rəsmi Moskva Paşinyanın "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hələ də Azərbaycan qüvvələrinin əvvəlki mövqelərə geri çəkilməsinin zəruriliyi barədə qəti mövqe bildirməyib" kimi fikirlərinin əsassız olduğunu yaxşı anlayır. Məhz bu səbəbdən də Rusiya XİN rəhbərinin sözçüsü Mariya Zaxarova "Azərbaycan-Ermənistan sərhədindəki hadisələrin Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur. Hadisələrin əsas səbəbi beynəlxalq hüquq nöqteyi-nəzərindən müəyyən olunmayan Azərbaycan-Ermənistan sərhədidir" ifadəsi rəsmi İrəvanı sovet ittifaqı dövründə (1976) hazırlanan xəritələr əsasında aparılan delimitasiya, demarkasiya prosesinə mane olmamağa mesajdır.

Parlament seçkiləri yaxınlaşdıqca bu ölkənin iqtidarlı-müxalifətli bütün siyasətçiləri öz təbliğatlarında xarici düşmən, sərhəd və torpaq məsələlərini qabardaraq manipulyativ addımlarla məşğuldurlar. Artıq bir neçə həftədir ki, Ermənistan guya Azərbaycan hərbçilərinin ermənilərin hansısa ərazilərinə girdikləri ilə bağlı ölkə daxilində və xaricində dezinformasiyalar yaymağa davam etsələr də, bölgədə sülh müqaviləsinin gecikməsindən hər gün daha çox narahat olmağa başlayan Rusiyanın 10 noyabr üçtərəfli bəyanatına əsasən nəqliyyat dəhlizləri və kommunikasiyalar məsələsində işinə yaramır. Proseslər göstərir ki, indi erməni cəmiyyətinin gələcəyini qurmaq şansı ayağına gəldiyi bir vaxtda bu ölkənin siyasətçiləri hələ də müharibənin yaratdığı yeni reallıqla barışmaq istəmir, erməni xalqını saxta iddialar və ümidlərlə aldatmaq niyyəti güdür. Bunun sonunun necə nəticələnəcəyini isə Prezident İlham Əliyev son çıxışlarında xüsusilə Ermənistan siyasi dairələrinə, eləcə də onları dəstəkləyən xarici qüvvələrə tez-tez xatırladır. Azərbaycanın buna həm iradəsi, həm gücü, həm də potensialı var.