İlham Əliyev Volodimir Zelenskiyə təbrik məktubu göndərdi
Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu göndərib.
Demedia.az xəbər verir ki, məktubda deyilir:
"Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Ukrayna arasında münasibətlərin hazırkı yüksək səviyyəsi xalqlarımızın tarixən təşəkkül tapmış sıx dostluq və qarşılıqlı hörmət ənənələrindən irəli gəlir. Bu iradədən qaynaqlanan və möhkəm təməllər üzərində qurulan dövlətlərarası əlaqələrimizin birgə səylərimizlə dinamik inkişaf edərək yeni mərhələyə yüksəlməsi məmnunluq doğurur. Azərbaycan-Ukrayna əlaqələrinin keçən ilin yanvarında Ukraynaya səfərim zamanı imzaladığımız Birgə Bəyannamədə öz əksini tapmış məram və məqsədlərə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə inanıram.
Cari ilin iyununda Kişineuda Sizinlə görüşümüzü, Azərbaycan-Ukrayna ikitərəfli əlaqələri ətrafında apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.
Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiq qalaraq bütün dövlətlərin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir. Biz Ukrayna xalqına humanitar yardım məsələlərini daim diqqətdə saxlayır, bundan sonra da lazımi yardım göstərməyə hazır olduğumuzu bildiririk.
Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Ukrayna xalqına sülh və əmin-amanlıq diləyirəm".