Zakir Həsənov türkiyəli həmkarı ilə görüşdü
Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülər ilə görüşüb.
Bu barədə Demedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə Türkiyənin Milli Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə hər iki qardaş və dost ölkələrin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb.
Azərbaycan və Türkiyə respublikaları arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, həmçinin bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.
***
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə həmkarı Yaşar Gülərlə görüşüb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.
Qeyd edək ki, Z.Həsənov Türkiyənin Zəfər Günündə iştirak etmək üçün qardaş ölkədə səfərdədir.