Ermənistanda hərbi vəziyyət ANONSU - Müharibə hazırlığı, yoxsa siyasi şou?



 12:56 28.05.2021     658

"Son vaxtlar sərhəddə davamlı şəkildə törədilən təxribatların arxasında bir neçə səbəb dayana bilər. Birinci səbəb bu təxribatların xaricdən idarə olunduğu ilə bağlıdır".

Nexeber.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

O bildirib ki, sərhəddəki hadisələr isə bütün ölkədə hərbi vəziyyətin elan olunması üçün şərait yarada bilər:

"Aydındır ki, Qərbdəki bəzi siyasi dairələr regionda Azərbaycanın tarixi zəfəri ilə formalaşmış yeni geosiyasi reallıqları, xüsusən Rusiya və Türkiyənin sülhə zəmanətçi və nəzarətçi kimi prosesdə iştirakını həzm edə bilmirlər. Başda Fransa olmaqla, bir sıra xarici ölkələrin qərəzli və irrasional yanaşmaları bu fikrimizi əyani şəkildə təsdiq edir. Yeni vəziyyətlə barışmayan bəzi güc mərkəzləri münaqişəni yenidən alovlandırmaqla qüvvələr balansını dəyişməyə cəhd edirlər. Sərhəddəki təxribatlar da bu amildən qaynaqlana bilər.

İkinci səbəb isə bu, ola bilər ki, Ermənistan müxalifəti bu cür hərbi təxribatlar həyata keçirməklə Paşinyanın seçkiqabağı reytinqini aşağı salmaq niyyəti güdür. Danılmaz həqiqətdir ki, Ermənistan ordusunda keçmiş Qarabağ klanına yaxın yüksək çinli zabitlər var. Bir neçə ay əvvəl Paşinyana qarşı çevriliş cəhdində də bunu əyani şəkildə gördük. Demək ki, ordu daxilində ona tabe olmayan qüvvələr mövcuddur və bu baxımdan, sərhəddəki təxribatların həmin qüvvələr tərəfindən törədildiyi istisna deyil. Ermənistan müxalifətinin proqnozuna görə, bu kimi təxribatlar "təhlükəsizlik zərurəti"ni ön plana çıxarmaqla Qarabağ klanının əlini gücləndirə, Paşinyanın mövqelərini isə zəiflədə bilər. 

Üçüncü məqam isə sərhəd provokasiyaların arxasında birbaşa Paşinyanın dayanması ilə bağlıdır. Məlum məsələdir ki, Paşinyanın reytinqi zaman keçdikcə aşağı düşür. Artıq belə bir ehtimal aktuallaşır ki, o, demokratik yolla seçkilərdən qalib ayrıla bilməyəcək. Buna görə də o, seçkiqabağı bütün siyasi rəqiblərini neytrallaşdırmaq və azad mətbuatı boğmaqdan başqa çarə qalmır. Sərhəddəki hadisələr isə bütün ölkədə hərbi vəziyyətin elan olunması üçün şərait yarada bilər. Artıq bu gün Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan hərbi vəziyyətin zəruriliyi barədə çıxış edib. Paşinyan alternativ yola əl ataraq "hərbi vəziyyət" ssenarisini reallaşdırmağa çalışır ki, seçkiqabağı öz hakimiyyət maraqları naminə anti-demokratik tədbirlər görə bilsin".