Rusiyanın yardım maşını Ağdama qayıtdı



 17:41 12.09.2023     328

Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) yük maşını Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıb.

Demedia.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməniəsilli sakinlərə göndərdiyi ərzaq və qeyri-ərzaq məhsulları Xankəndidə müvafiq anbara boşaldılıb:

“Artıq onlar Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıblar. Rusiya Qızıl Xaç Cəmiyyətinin əməkdaşları bu gün ölkələrinə yola düşəcəklər”.

Bununla da Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi artıq reallığa çevrilib.

Qeyd edək ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu 1 yük avtomobilinin Ağdam-Əsgəran yolu vasitəsi ilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib.