Azərbaycan istədiyini edəcək - Ermənistanı heç kim qoruya bilməyəcək
Son günlər Ermənistanla sərhəddə baş verən təxribatlar oradakı seçkiqabağı vəziyyətin nə qədər gərgin olduğundan xəbər verir. Bu hadisələrdən bir neçə qrupların divident qazanmaq üçün istifadə etdiklərini nəzərə alsaq, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin bu günlərdə daha da gərginləşəcəyi ehtimallarının yüksək olduğunu düşünə bilərik.
Təxribatların geniş vüsət almasında xarici əl faktoru mümkündür. Aydındır ki, regionda yaranmış yeni geosiyasi reallıqlar Qərbdəki bəzi siyasi dairələri narahat edir. Onlar yeni reallıqla barışmaq istəmədikləri üçün regionda qeyri-sabit vəziyətin qalmasında maraqlıdırlar ki, bununla da münaqişənin yenidən alovlanmasına çalışırlar və vəziyyəti xeyirlərinə dəyişdirmək istəyirlər. Bəzi Qərb dairələrini bugün mövcud reallıqda narahat edən Türkiyə və Rusiyanın bu prosesdə iştirakı məsələsidir. Bu səbəbdən də destruktiv yaşama sərgiləyirlər.
Sərhəddəki gərgin vəziyyəti Ermənistan müxalifətinin hazırda baş nazir vəzifəsini icra edən Paşinyana qarşı fəaliyyətləri kimi də dəyərləndirmək olar. Nəzərə alsaq ki, sonuncu sosial sorğunun nəticələri göstərir ki, Paşinyanın reytinqi aşağı düşməyə başlayıb, düşünmək olar ki, sərhəddəki təxribatlar görünür Paşinyanın əleyhinə işləyir. Keçmiş Qarabağ klanı və bəzi siyasi dairələr bu cür provokasiyalara yol verməklə Paşinyan hakimiyyətinin cəmiyyətdəki nüfuzunun düşməsinə çalışırlar. Çünkü bilirik ki, müxalifətin əlində bu imkanlar var. Bilirik ki, Ermənistan ordusunda Qarabağ klanına bağlı yüksək rütbəli hərbiçilər var. Bir neçə ay bundan əvvəl ordunun Paşinyana tabe olmaması da bunun sübutudur. Bu da ordunun hakimiyyətin əlində olmadığını təsdiq edir.
Amma bu təxribatlarda Naxçıvanla sərhəddə baş vermiş hadisə, Laçında cərəyan edən proseslərdə Paşinyan faktoru da mümkündür. İstisna edilmir ki, bu gərginliyin sifarişçisi Paşinyanın özü ola bilər. Onun reytinqinin aşağı düşdüyünü nəzərə alsaq rəqib siyasi qüvvələri nəyin bahasına olursa olsun neytrallaşdırmaqla məqsədinə çatmaq istəyir. Məhz bu provokasiyalar da seçkiqabağı hərbi vəziyyətin elan olunması üçün edilə bilər ki, bütün siyasi rəqiblərin, qüvvələrin fəaliyyəti məhdudlaşdırılsın və Paşinyan yenidən baş nazir olmaq üçün özünə zəmin yaratsın. Paşinyanın Azərbaycanla sərhəddə baş verən münaqişənin tənzimlənməsi ilə bağlı dünən açıqladığı plan sərhəd pozmalarının etirafından başqa bir şey deyil. Məsələn Paşinyan təklif edib ki, sərhəddə Rusiya və ya Minsk qrupunun həmsədri olan hər hansı bir ölkəni - ABŞ və ya Fransanı təmsil edən beynəlxalq müşahidəçilər yerləşdirilməli və beynəlxalq vasitəçilərin iştirakı ilə sərhədlər dəqiqləşdirilməlidir. Bu o deməkdir ki, erməni həbrçilərini qəsdən diversant kimi Azərbaycan ərazisinə göndərib mina basdırmalarını tapşırıblar ki, gərginlik daha da artsın. Lakin bütün bu ehtimalların heç biri əsas vermir ki, Azərbaycanın dövlət sərhədləri pozulsun.
Nikol Paşinyan sərhəddəki vəziyyətin sülh yolu ilə həll üçün təqdim etdiyi planla bir daha reallıq hisslərindən nə qədər uzaq olduğunu, aldığı ağır məğlubiyyətdən nəticə çıxara bilmədiyini göstərir. Açıqlamasında "Vəziyyət gərgindir. Gərginliyin dinamikası artmaqdadır. Əgər problem həll olunmasa genişmiqyaslı toqquşmalar mümkündür" deyərək təhdid dili ilə danışmağa başlayan Paşinyan cəhcəhinin arxasında təbii ki, yuxarıda qeyd edilən səbəb dayanır. Təxribatlar artarsa, rəsmi Bakının buna cavabı daha ağır olacaq.
Prezident İlham Əliyev ötən gün Ağdam səfəri zamanı düşməni bu barədə növbəti dəfə xəbərdar edib. Rəsmi İrəvanı delimitasiya işlərinin manipulyasiyasından çəkinməyə çağıran dövlət başçısı, bunun nəticəsinin Ermənistan üçün daha ağır olacağını "Əgər görsək ki, dövlətimizin təhlükəsizliyinə təhlükə var, düşməni dərhal yerindəcə məhv edəcəyik" sözləri ilə bir daha bəyan edib. "Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı" deyən Prezident, rəsmi İrəvanı başlarına gələn bütün bəlaların səbəkarı adlandırıb.
Dövlət başçısı Ağdamdan Zəngəzur, Laçın, Kəlbəcər istiqamətində Azərbaycanın tarixi sərhədlərini bərpa etmək üçün apardığı işlərə 30 il ərzində şahidi olduğumuz hər zamankı destruktiv yanaşmasını nümayiş etdirən Qərb dairələrinə də bir daha yerini göstərib. "İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir. Əhəmiyyətli məsələ odur ki, bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq",- deyən Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da öz sərhədlərini möhkəmləndirəcəyini və heç kimin rəsmi Bakıya təzyiq, təsir edərək məqsədindən daşındıra bilməyəciyi mesajını verib.